Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı yeni mərhələdə

        Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirilmiş mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi bəyanat, iki strateji tərəfdaş ölkə arasında münasibətlərin möhkəm təməllər üzərində dayandığını və bu əlaqələrin davamlı inkişaf etdiyini bir daha təsdiqlədi.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşamış, bu münasibətlər tarixdən gələn sarsılmaz bağlar üzərində formalaşaraq bu gün müasir dövlətlərarası əməkdaşlıq müstəvisinə yüksəlmişdir. Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrində strateji layihələrlə səciyyələnir və iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birinin mövqeyini dəstəkləyir.

Xüsusilə neft-qaz və nəqliyyat-kommunikasiya sahəsində həyata keçirilən ortaq layihələr regional və qlobal miqyasda mühüm əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Cənub Qaz Dəhlizi kimi enerji magistralları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və digər infrastruktur layihələri Avropa ilə Asiya arasında strateji körpü rolunu oynamaqla yanaşı, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən formalaşdırmışdır. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac marşrutlarının Gürcüstan ərazisindən keçməsi iki ölkənin bir-birinə nə qədər bağlı olduğunu göstərir.

Prezident İlham Əliyev, həmçinin, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycan və Gürcüstanın fəal rol oynadığını qeyd edərək ümidvar olduğunu bildirdi ki, bu regionun münaqişələrlə dolu səhifələri artıq tarixdə qalacaq və sabitlik, əməkdaşlıq mühiti daha da güclənəcək.

Gürcüstan-Azərbaycan münasibətləri təkcə enerji və nəqliyyatla məhdudlaşmır. Təhlükəsizlik, müdafiə, iqtisadiyyat, turizm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bu münasibətlərin hüquqi əsasını 119 ikitərəfli sənəd təşkil edir. Diplomatik səviyyədə isə XİN-lərarası məsləhətləşmələr, hökumətlərarası komissiyalar və parlamentlərarası dostluq qrupları münasibətlərin daha da dərinləşməsinə töhfə verir.

Son illərdə dövlət və hökumət başçıları, eləcə də xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər intensiv xarakter almış, bu da ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə fəal şəkildə inkişafına səbəb olmuşdur. Məsələn, Azərbaycan Prezidenti cənab İlham Əliyev indiyədək Gürcüstana 11 dəfə (1 dövlət, 1 rəsmi və 9 işgüzar səfər) səfər etmiş, Gürcüstanın dövlət və hökumət başçıları da müxtəlif zamanlarda Azərbaycana mühüm səfərlər həyata keçirmişlər. Azərbaycan və Gürcüstan parlamentlərində qarşılıqlı dostluq qruplarının fəaliyyəti, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək, bu tərəfdaşlığın nə qədər çoxşaxəli və dayanıqlı olduğunun göstəricisidir.

Prezident İlham Əliyevin çıxışı təkcə cari səfərin əhəmiyyətini vurğulamaqla kifayətlənmir, eyni zamanda gələcəyə yönəlmiş bir strateji baxışın təzahürü kimi qiymətləndirilə bilər. Bu baxışda əməkdaşlıq, qarşılıqlı inam və ortaq maraqlara söykənən münasibətlər xüsusi yer tutur. Azərbaycan-Gürcüstan əlaqələri sadəcə iki ölkə arasında tərəfdaşlıq deyil, bütövlükdə regionun sabitliyi, inkişafı və inteqrasiyası üçün nümunəvi bir modeldir. Bu münasibətlər gələcək illərdə də yüksələn xətlə inkişaf edəcək, yeni çağırışlar fonunda daha da güclənəcəkdir.