“Azərbaycan – İran münasibətləri qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır”

2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri, iki ölkə arasında tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin davamlı inkişafının növbəti parlaq nümunəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanatda da bu mühüm səfərin önəmi, əldə olunmuş razılaşmalar və gələcək hədəflər ətraflı şəkildə ifadə olundu.

Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb və bu möhkəm bünövrə bu gün dövlətlərarası münasibətlərimizin inkişafına xidmət edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri məhz bu yüksək səviyyəli əlaqələrin təzahürüdür. İkitərəfli danışıqlar zamanı bir çox vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, Azərbaycan-İran strateji tərəfdaşlığı bir daha təsdiqlənmişdir. Səmimi və açıq mühitdə keçirilən görüşlər zamanı hər iki tərəfin əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirdiyi diqqətə çatdırılmışdır. Dövlət başçısı, həmçinin, bir çox önəmli sənədlərin, o cümlədən prezidentlər səviyyəsində sənədin imzalanmasının ölkələrimizin qarşılıqlı xoş niyyətinin bariz ifadəsi olduğunu qeyd etdi.

Mətbuata açıqlamasında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəkləyir. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, istərsə də Qoşulmama Hərəkatı çərçivəsində nümayəndələrimiz bir-birinin yanında olublar və bundan sonra da bu ənənə davam etdiriləcək. Regional təhlükəsizlik məsələləri, çoxtərəfli əməkdaşlıq imkanları və ticarət əlaqələrinin inkişafı da müzakirə edilən əsas məsələlər sırasında yer aldı. Dövlət başçısı qeyd etdi ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər də son dərəcə məhsuldar olmuş və konkret göstərişlər verilmişdir. Məqsəd isə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin daha yüksək səviyyəyə çatdırılmasından ibarət olmuşdur.

Səfər çərçivəsində gələcəyə yönəlmiş qərarlar da qəbul edildi. Ölkəmizin rəhbəri əminliyini ifadə etdi ki, bu qərarlar Azərbaycan-İran əlaqələrinin uzun illər boyu yüksələn xətlə inkişafına xidmət edəcəkdir. Görüşlər zamanı, xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq geniş müzakirə olundu. Azərbaycanın öz ərazisində lazımi infrastruktur layihələrini tam şəkildə həyata keçirdiyi və artmaqda olan yük axınını qarşılamaq üçün nəqliyyat imkanlarını daha da genişləndirdiyi qeyd olundu. Bu sahəyə böyük sərmayələrin yatırılması planlaşdırılır ki, bu da gələcək əməkdaşlıq perspektivlərini daha da genişləndirəcək.

İkitərəfli münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəni-humanitar əlaqələrin inkişafı da ön plandadır. Prezident İlham Əliyev xalqlarımızın ortaq tarixi, mədəni irsi və qohumluq bağlarını xüsusi qeyd edərək, qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən keçirilməsi barədə razılığa gəldiklərini bildirdi. Bu addım xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Dövlət başçısı çıxışında, həmçinin, İranın bir neçə gün əvvəl üzləşdiyi faciəvi hadisəyə toxundu, İran xalqına dərin hüznlə başsağlığı verərək, Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa dilədi. Prezident Pezeşkianın bütün bu ağır şəraitə baxmayaraq Azərbaycana səfər etməsini Azərbaycan tərəfi yüksək qiymətləndirir.

Azərbaycan ilə İran arasında yüksək səviyyəli siyasi dialoq daim inkişaf edir. Prezidentlər, baş nazirlər və xarici işlər nazirləri səviyyəsində müntəzəm görüşlər, tərəflər arasında qarşılıqlı inamın möhkəmləndirilməsi və ortaq maraqların təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Bu səfər zamanı imzalanmış çoxşaxəli sənədlər əməkdaşlığın praktiki aspektlərini əhatə etməklə yanaşı, siyasi iradənin reallaşmasının göstəricisidir.

Azərbaycan və İranın əməkdaşlığı yalnız ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda regionda sabitlik və tərəqqinin təmin olunmasına xidmət edir. Xüsusilə nəqliyyat, enerji və logistika sahəsində həyata keçirilən birgə layihələr Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılmasına, regionun tranzit potensialının genişlənməsinə töhfə verir. Habelə "3+3" formatında əməkdaşlıq bölgədə qarşılıqlı anlaşma və inteqrasiya meyillərinin gücləndirilməsi baxımından mühüm platformadır İki ölkə arasında mədəni mübadilə proqramları, ortaq tarixi və mənəvi irsə əsaslanan təşəbbüslər xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərini möhkəmləndirir. Medianın İnkişafı Agentliyi ilə İranın müvafiq qurumları arasında imzalanmış sənədlər isə informasiya və kommunikasiya sahəsində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə şərait yaradır.

Sonda Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, ölkələrimizin ikitərəfli əlaqələri qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipləri əsasında daha da möhkəmlənəcəkdir. İki dost və qardaş ölkə olaraq Azərbaycan və İran bölgənin sülh, sabitlik və rifahı naminə səylərini birləşdirəcək və bu istiqamətdə fəaliyyətlərini ardıcıl şəkildə davam etdirəcəkdir.