Azadkənddə erkən nikahın fəsadlarına həsr olunmuş maarifləndirmə tədbiri keçirildi

"Konstitusiya və Suverenlik İli" çərçivəsində aprelin 25-də Ordubad rayonunun Azadkənd kəndində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Kənd İcra Nümayəndəliyinin inzibati binasında təşkil olunan tədbirdə Azadkənd kənd tam orta məktəbinin müəllim kollektivi, yuxarı sinif şagirdləri və onların valideynləri iştirak ediblər.

Ordubad Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri Emin Mehbalıyev tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyəti haqqında danışıb. Daha sonra Ordubad Rayon Polis Şöbəsinin əməkdaşı Aqil Seyidov və Təhsil Şöbəsinin nümayəndəsi Əfqan Hüseynov çıxış ediblər. Tədbirdə erkən nikahın cəmiyyətə və ailələrə vurduğu mənfi təsirlərdən bəhs edilib. Bu kimi maarifləndirmə tədbirlərinin önəmi xüsusi vurğulanaraq erkən nikahın hüquqi və sosial fəsadları barədə geniş məlumat verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.