Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda Goranboy rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Hüseynov Ceyhun Tahir oğlunun anım günü ilə əlaqədar Gənzə kəndində tədbir keçirilib. 17 aprel 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, İcra Hakimiyyətinin, Polis şöbəsinin, Səfərbərlik Xidmətinin, Sosial Xidmətlər Agentliyinin, Gənzə kəndində fəaliyyət göstərən müəssisələrin əməkdaşları, Gənzə kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Gənzə kənd qəbiristanlığında şəhidimizin məzarı ziyarət olunub. Tədbirdə şəhidimizin həyatı və döyüş yolu haqqında iştirakçılara məlumat verilib, çıxışlar dinlənilib, ruhuna dualar oxunub. Çıxışlarda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin daim ehtiramla yad edildiyi, Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında müntəzəm olaraq şəhid ailələri və müharibə iştirakçılarına qarşı diqqət və qayğının göstərildiyi qeyd olunub.
Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.