18 aprel 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətində məsul şəxslərin, icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə “Dinc və müharibə dövrlərində Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ordubad rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşadət Orucov rayon əhalisinin həm dinc, həm də müharibə dövrlərində mühafizəsi məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, bu sahədə qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma idarəsinin rəisi, mayor Əsədov Şərif Əllamə oğlu “Dinc və müharibə dövrlərində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət üzrə qanunvericiliyin tələbləri, xəbərdarlıq sistemləri və əhalinin mühafizəsi üzrə planlaşdırılan digər tədbirlərin icrasına qoyulan tələblər” mövzusunda geniş məruzə edib. O, qanunvericilik bazasını şərh edərək fövqəladə halların vaxtında aşkarlanması və qarşısının alınmasında bütün struktur və vəzifəli şəxslərin koordinasiyasının vacibliyini qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik‑leytenant Məmmədov Vüqar Qeybalı oğlu isə “Əhalinin təxliyəsi və kollektiv mühafizə vasitələrinə bölüşdürülməsi qaydaları” adlı çıxışında təxliyə planlarının hazırlanması, sığınacaq obyektlərinin təminatı və vətəndaşların maarifləndirilməsi barədə praktik tövsiyələr verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.