Ordubadda akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

28 aprel 2025-ci il tarixində Ordubad Rayon Mərkəzi Xəstəxanasında Ordubad Rayon İcra Hakimiyyəti və "Culfa Regional Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli alim, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Elmin və Nəcibliyin Zirvəsi – Zərifə Əliyeva" mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəman vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Hüseynli, "Culfa Regional Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru İlqar Vəliyev, Culfa Rayon Mərkəzi Xəstəxanasının həkimi Məhəmməd Məhəmmədov, həmçinin Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkimləri Ələkbər Möhsünzadə, İlham Seyidov və Emin Qənbərli çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, tibb sahəsindəki misilsiz xidmətlərindən, Azərbaycan oftalmologiya elminin inkişafındakı rolundan və yüksək insani keyfiyyətlərindən bəhs ediblər.

Tədbirin sonunda göz həkimləri tərəfindən məktəblilər üçün humanitar tibbi aksiya təşkil olunub.