Ordubadda bələdiyyə sədrləri və üzvləri üçün maarifləndirici təlim keçirilib

     17 aprel 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətində bələdiyyə sədrləri və üzvləri üçün “Komandaların yaradılması və motivasiya” mövzusunda maarifləndirici təlim təşkil olunub.

    Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bələdiyyə və yerli özünüidarəetmə sahəsində mövcud qanunvericilik, eləcə də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. Çıxış zamanı Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yerli özünüidarəetmənin inkişafı ilə bağlı atılan mühüm addımlar, həyata keçirilən islahatlar diqqətə çatdırılıb.

   Həmçinin bələdiyyələrin fəaliyyətində elektronlaşma və rəqəmsal idarəetmə metodlarının tətbiqi, texnoloji yeniliklərdən istifadə, dövlət orqanları ilə səmərəli əməkdaşlıq, etik davranış qaydalarına riayət və şəffaflığın təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

   Daha sonra mövzu ilə bağlı təqdimat nümayiş olunub. Təqdimatda motivasiya, həvəsləndirmə və enerjinin düzgün istiqamətləndirilməsi, qrup və komanda anlayışları arasındakı fərqlər, fərdlərin komandaya qarşı öhdəlikləri, məqsəd və öhdəliklərin formalaşdırılması kimi vacib mövzulara toxunulub.

 Təlimdə həmçinin təşkilati məqsədlər – iş bölgüsünün aparılması, nəzarət mexanizmlərinin tətbiqi, problem həll etmə və qərarvermə bacarıqları, resursların düzgün istiqamətləndirilməsi, daxili və xarici təsirlərin – dəyərlər, inkişaf mərhələləri və rolların analizi barədə məlumat verilib. Komanda inkişafının mərhələləri – formalaşma, normaların müəyyənləşdirilməsi, performans və digər mərhələlər də ətraflı izah edilib.

  Bundan əlavə, interfeys və qavrayışın idarə olunması, dəstək strukturunun yaradılması, məqsədqoyma bacarığı, komanda ölçüsünün təsirləri, liderlik modellərinin mövcud və potensial situasiyalara uyğun tətbiqi mövzuları da iştirakçılara təqdim edilib.

   Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib.