Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində XII Qlobal Bakı Forumunun əhəmiyyəti, qlobal dəyişikliklər və beynəlxalq münasibətlər sistemində baş verən proseslər barədə fikirlərini bölüşüb. Prezident vurğulayıb ki, Forum artıq nüfuzlu beynəlxalq platformaya çevrilib və burada müxtəlif ölkələrin tanınmış dövlət və hökumət başçıları, siyasətçilər, ekspertlər qlobal gündəliyin aktual məsələlərini müzakirə edirlər. Dövlət başçısı bildirib ki, dünyada baş verən sürətli geosiyasi dəyişikliklər fonunda belə platformaların rolu daha da artır. XII Qlobal Bakı Forumunun iştirakçıları qlobal çağırışlara münasibətlərini ifadə edir və müxtəlif mövqelərin mübadiləsi aparılır. Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif yanaşmaların və baxışların mövcudluğu sağlam müzakirə mühiti yaradır və bu, Forumun əsas üstünlüklərindən biridir.
Müsahibədə həmçinin qeyd olunub ki, ənənəvi dünya nizamı artıq mövcud deyil və yeni beynəlxalq qaydaların müəyyənləşməsi prosesi gedir. Lakin bu qaydaların hansı formada olacağı hələ də qeyri-müəyyəndir. Ölkə başçısı vurğulayıb ki, ölkələr daha çox öz daxili resurslarına güvənməli və beynəlxalq hüquqa selektiv yanaşmanın nəticələrini nəzərə almalıdırlar. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü daxili imkanları hesabına bərpa etməsi bunun bariz nümunəsidir. Prezident bəzi beynəlxalq təşkilatların öz zəifliyini nümayiş etdirdiyini və ya tamamilə iflic vəziyyətinə düşdüyünü qeyd edib. O bildirib ki, dövlətlər artıq çoxtərəfli əməkdaşlıq mexanizmlərində deyil, daha çox ikitərəfli münasibətlərdə həll yolları axtarmağa üstünlük verirlər. Bu yanaşma, xüsusilə qlobal transformasiya dövründə, dövlətlərin milli maraqlarına uyğun strategiyalar formalaşdırmasına imkan yaradır.
Prezident İlham Əliyev çıxışı zamanı Cənubi Qafqaz regionunun uzun illər qarşıdurma və düşmənçilik zonası olduğunu xatırladıb. O, hazırkı nisbətən sabit dövrün qorunmasının vacibliyini vurğulayaraq, gələcəkdə hərbi qarşıdurma ehtimalını istisna edəcək təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyini qeyd edib. Əlavə edib ki, sovet dövründə Cənubi Qafqaz respublikaları arasında sıx əlaqələr mövcud olub və bu təcrübəni nəzərə almaq vacibdir.
Dövlət başçısı müsahibə zamanı Azərbaycanın milli maraqlar məsələsində heç kimə və heç bir təşkilata arxalanmadığını, yalnız öz gücünə güvəndiyini vurğulayıb. Bildirib ki, beynəlxalq siyasətdə bir dövlətin daim xarici yardıma bel bağlaması onu zəiflədir və suverenliyinə xələl gətirir. Azərbaycan isə bütün çağırışlara baxmayaraq, öz müstəqil siyasətini qoruyub saxlayıb və bu yanaşmanın uğurlu olduğu artıq sübuta yetirilib. Prezident İlham Əliyev müsahibədə Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub. Qeyd olunub ki, sülh sazişi imzalanmadığı müddətdə tam sabitlikdən danışmaq mümkün deyil. Bununla yanaşı, son illərdə gərginliyin azalması və itkilərin olmaması mühüm nailiyyət hesab edilməlidir. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq arenada nadir hallarda münaqişələr tam həll olunur, lakin Qarabağ məsələsi beynəlxalq hüquq və tarixi ədalət əsasında öz həllini tapıb.
Prezident İlham Əliyev dünya siyasətində baş verən proseslərə də toxunaraq, qlobal geosiyasi dəyişikliklərin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb. O, ABŞ-da hakimiyyət dəyişikliyi, müxtəlif qlobal güclər arasındakı münasibətlərin transformasiyası və regional məsələlərin beynəlxalq siyasətdəki yerinin dəyişməsini qeyd edib. Azərbaycan diplomatiyasının çevik və reallığa əsaslanan siyasət yürütməsinin vacibliyini vurğulayan Prezident, ölkəmizin milli maraqlarını qorumaq üçün daim yeni strategiyalar üzərində işləndiyini bildirib.
Müsahibənin yekununda Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun uğurlu keçəcəyinə əminliyini ifadə edərək, burada aparılan müzakirələrin beynəlxalq siyasətə töhfə verəcəyini vurğulayıb. O qeyd edib ki, Forum təkcə mövcud problemləri deyil, həm də gələcək perspektivləri dəyərləndirmək üçün mühüm platformadır.