2025-ci ilin 21 aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının aparıcı media qurumu olan Sinxua Xəbər Agentliyinə verdiyi müsahibə, təkcə iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulamaqla kifayətlənmədi. Eyni zamanda bu çıxış, çağdaş dünyanın mürəkkəb siyasi mənzərəsində Azərbaycanın tutduğu mövqeyi, gələcəyə yönəlmiş diplomatik xəttini və qlobal təşəbbüslərə fəal dəstəyini aydın şəkildə ortaya qoydu. Bu müsahibə həm rəsmi dövlət mövqeyi baxımından, həm də ictimai rəyə təsir baxımından yüksək qiymətləndirilə biləcək bir mənbədir. Prezident İlham Əliyev fikirlərində həm konkret faktlara söykəndi, həm də geniş geosiyasi baxış bucağı ilə strateji fikirlərini bölüşdü.
Dövlət başçısı müsahibəsində Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, Çin lideri Si Cinpin ilə qarşılıqlı münasibətlər yüksək səviyyədədir və bu şəxsi əlaqələr dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Azərbaycan "Bir Kəmər, Bir Yol" təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olaraq, bu möhtəşəm layihənin uğurla həyata keçirilməsində fəal iştirak edir. Prezident İlham Əliyev bu təşəbbüsün Asiyanı Avropa ilə birləşdirən, ticarəti və mədəni əlaqələri genişləndirən mühüm geoiqtisadi layihə olduğunu qeyd etdi və Azərbaycanın onun uğuruna verdiyi töhfəni önə çəkdi.
Ölkə rəhbəri Azərbaycanın son illərdə Cənubi Qafqazda və bütövlükdə Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevrildiyini vurğuladı. Prezident bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək, Çindən Avropaya daşınan yüklər üçün etibarlı və effektiv tranzit marşrutu təqdim edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil yolları və dəmir yolları şəbəkəsi Azərbaycanın nəqliyyat potensialını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Prezident İlham Əliyev bu infrastrukturun Çindən Avropaya uzanan yük axınlarının səmərəli şəkildə daşınması üçün vacib mexanizm olduğunu qeyd etdi və Çin tərəfini bu imkanlardan daha geniş şəkildə yararlanmağa dəvət etdi.
Müsahibədə Azərbaycanın enerji sahəsində qazandığı uğurlar və bu sahədəki yeni strateji istiqamətlər də xüsusi yer tutmuşdur. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan uzun illər ərzində neft və qaz ixracatçısı kimi tanınsa da, son dövrlərdə ölkəmiz alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi önəm verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində günəş və külək enerjisi potensialının böyük olduğunu vurğulayan Prezident İlham Əliyev, artıq bu sahədə Çin şirkətləri ilə əməkdaşlığa açıq olduqlarını bildirdi. Beləliklə, Azərbaycanın enerji siyasəti həm ekoloji, həm də iqtisadi cəhətdən dayanıqlı inkişafı təmin etməyə yönəlmiş strateji bir xəttə çevrilir.
Prezident İlham Əliyev Ermənistanla münasibətlər məsələsinə də xüsusi yer ayıraraq, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, postmünaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitlik üçün real və konstruktiv təkliflər irəli sürüb. Lakin bu təşəbbüslərin reallaşması üçün qarşı tərəfin də səmimi iradə ortaya qoyması zəruridir.
Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində beynəlxalq vasitəçilərin ədalətli mövqe tutmasının vacibliyini vurğulayan ölkə başçısı, Azərbaycanın sülhsevər siyasətinin arxasında milli maraqlar, regional rifah və ümumbəşəri dəyərlər dayandığını qeyd etdi.
Prezident İlham Əliyev müsahibədə Azərbaycan ilə Çin arasında humanitar sahədə əməkdaşlığın da genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. O bildirdi ki, iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafı, bir-birini daha dərindən tanımaq baxımından mühüm rol oynayır. Azərbaycanlı gənclərin Çin universitetlərində təhsil alması, birgə elmi layihələrin təşkili və mədəniyyət tədbirlərinin keçirilməsi xalqlar arasında dostluq körpüsünü daha da möhkəmləndirir.
Müsahibənin yekununda Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklərə dair fikirlərini bölüşdü. O qeyd etdi ki, qlobal sabitliyin və beynəlxalq əməkdaşlığın əsas təminatçısı – beynəlxalq hüquq və BMT kimi çoxtərəfli platformalar olmalıdır. Azərbaycan dünya miqyasında ədalətli, inklüziv və hüquqa əsaslanan beynəlxalq nizamın tərəfdarıdır. Prezident İlham Əliyev bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirak etdiyini, xüsusilə Qoşulmama Hərəkatına sədrlik dövründə bu prinsiplərin müdafiəsində ön sırada dayandığını xatırlatdı.
Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi bu müsahibə Azərbaycanın dünya siyasətində tutduğu rolu, regional və qlobal təşəbbüslərdə fəallığını və gələcəyə yönəlmiş strateji baxışını əks etdirən mühüm sənəddir. Bu çıxış eyni zamanda Çin ilə münasibətlərin daha da dərinləşəcəyinin, qarşılıqlı hörmət və maraqların üzərində qurulan tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağının göstəricisidir. Azərbaycan öz inkişaf modelini formalaşdırarkən yalnız milli maraqlarını deyil, həm də beynəlxalq əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. Bu baxımdan Prezident İlham Əliyevin hər çıxışı və müsahibəsi ölkənin beynəlxalq nüfuzuna yeni bir töhfədir.