Şəhid Babayev Natiq Barat oğlu və şəhid Musayev Murad Hüseynqulu oğlunun xatirəsi anılıb

2025-ci il aprelin 21-də Ordubad şəhərində yerləşən Şəhidlər Xiyabanında  Birinci Qarabağ müharibəsi zamanı Xorxat yüksəkliyində şəhidlik zirvəsinə ucalmış Musayev Murad Hüseynqulu oğlunun doğum günü, eləcə də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Babayev Natiq Barat oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olunub. Ziyarət zamanı məzarlara gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətininin, Sosial Xidmətlər Agentliyinin, Rayon Polis Şöbəsinin əməkdaşları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

Çıxış edənlər Vətən uğrunda canından keçən şəhidlərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərdən söz açıb, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Qeyd olunub ki, Qarabağ müharibəsi şəhidlərinin igidliyi vətənpərvərlik nümunəsi kimi gənc nəslə örnəkdir.

Daha sonra Ordubad şəhər İnternat və 1 saylı tam orta məktəblərinin şagirdləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Sonda şəhid ailələrinin üzvləri göstərilən diqqət, qayğı və ehtirama görə minnətdarlıqlarını bildiriblər.