Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd olunub

10 May 2024-cü il tarixdə Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib. İlk olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanları,  idarə, müəssisə və təşkilatların məsul şəxsləri Ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstələri düzərək öz hörmət və ehtiramlarını ifadə ediblər. Mədəniyyət sarayında baş tutan tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, fenomen şəxsiyyətin həyat yoluna nəzər salıb, onun liderlik xüsusiyyətləri, dövlət idarəçiliyinin formalaşdırılması və həyata keçirilməsi işində yorulmaz fəaliyyətini qeyd edib, həmçinin  Sovet İttifaqı və müstəqillik illərində Azərbaycana rəhbərlik edən zaman icra olunan genişmiqyaslı islahatları dinləyicilərin diqqətinə çatdırıb. 20-ci əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş alıb gedən siyasi hərc-mərcliyə son qoyulması və dövlətin parçalanması təhlükəsinin qarşısını alarkən atdığı qətiyyətli addımların əhəmiyyətindən bəhs edilərək görülən işlərin xüsusi xilaskarlıq missiyası ilə yekunlaşdığı bildirilib. Prezident cənab İlham Əliyev tərəfindən ərazi bütövlüyü və suverenliyimizin bərpası istiqamətində əldə olunan uğurlarda bir daha varisliyin önəmi vurğulanıb. Bu il Heydər Əliyev Fondunun yaradılmasının 20 ilinin tamam olduğuna toxunularaq, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Fondun humanitar sahədə parlaq fəaliyyəti, xüsusən 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin müsbət beynəlxalq imicinin qorunub saxlanılmasında müstəsna xidmətləri olduğu qeyd edilib. Sonra Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri Etibar İsmayılov, Ordubad şəhər 1 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Könül İsmayılova və professor Aydın Mehdiyev öz çıxışlarında Ümummilli Liderin müdrik qərarlarının nəticəsi olaraq ölkədə yüksək tərəqqinin əldə edildiyi, bütün sahələrdə dinamik inkişafın başladığı, milli vətənpərvər gəncliyin formalaşması ilə yanaşı dövlət əhəmiyyətli məsələlərdə mühüm nailiyyətlərin qazanıldığından bəhs ediblər. Çıxışlarda müdrik siyasətin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə xalqın yekdil dəstəyi ifadə olunub.