ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

14 İYUL – MÜSTƏQİLLİYƏ GEDƏN YOLUN BAŞLANĞICI

14 iyul 1969-cu il – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış tarix, yeni bir dövrün, intibahın və inkişafın başlanğıcıdır. Məhz həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, ölkəmizin rəhbərliyinə gəldi. Bu, təkcə siyasi dəyişiklik deyildi – bu, xalqın tale yolunu dəyişən, onu gələcəyə aparan strateji bir dönüş idi.

Həmin dövrdə Azərbaycan Sovet İttifaqının tərkibində iqtisadi və sosial baxımdan geri qalmış, rəhbərsiz və strateji baxışdan məhrum bir respublika idi. Lakin Ümumilli lider Heydər Əliyev kimi uzaqgörən, siyasi iradəli və dərin dövlətçilik təfəkkürünə malik liderin hakimiyyətə gəlişi ilə bu durğunluğa son qoyuldu. Ölkənin bütün sahələrində – sənayedən kənd təsərrüfatına, elmdən mədəniyyətə qədər əsaslı dəyişikliklər baş verdi. Azərbaycanın intellektual və sənaye potensialı gücləndirildi, ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ulu öndər Heydər Əliyev xalqına olan sonsuz sevgisi və xidmət əzmi ilə Azərbaycanı həm respublika daxilində, həm də Sovet İttifaqı miqyasında tanınan, güclü və dinamik bir regiona çevirməyə nail oldu. Onun təşəbbüsü və qətiyyəti ilə yüzlərlə zavod, fabrik, istehsal müəssisələri, elm və təhsil ocaqları yaradıldı. Azərbaycan gənclərinin SSRİ-nin aparıcı ali məktəblərində təhsil almasına şərait yaradıldı. Milli kadrların hazırlanması, milli kimliyin qorunması və inkişafı istiqamətində atılan addımlar milli oyanışın təməlini qoydu.

14 iyul təkcə keçmişin bir tarixi deyil – bu gün də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, milli ideologiyanın formalaşmasında və davamlı inkişafın təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildən başlayan xilaskarlıq və quruculuq missiyası sonralar müstəqillik dövründə öz ən uca zirvəsinə çatdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyev xalqın ümid yeri, dövlətin dayağıdır.

Bu gün Ümummilli liderin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun əsasını qoyduğu güclü və müstəqil Azərbaycan dövləti artıq regionun liderinə çevrilib, beynəlxalq arenada söz sahibinə çevrilib. Bütün bunların təməlində isə 14 iyul 1969-cu ildə atılmış ilk müdrik addım dayanır.

14 iyul – tarixə çevrilmiş bir gündür. O tarix ki, bir xalqın gələcəyini müəyyənləşdirdi, o gələcək ki, bu gün gerçəkliyə çevrilib.