ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

17 Oktyabr - Füzuli şəhəri günüdür

 İri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuş, ilkin adı Qarabulaq olmuşdur. 1930-cu ildə rayon kimi təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonunun ərazisi 1386 kvadrat kilometrdir.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində 5 yanvar 1994-cü ildə Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda aparılmış döyüşlər ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Lakin Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.

44 günlük Vətən müharibəsi zamanı - 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılmışdır. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün hazırda ölkəmizin tərəfindən bütün lazımi tədbirlər görülür.

2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ilin 18 mart tarixində “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.

Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.

Qardaş Özbəkistan Respublikasının maddi və mənəvi dəstəyi sayəsində, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunmuşdur. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılmışdır. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilmişdir.

2024-cü ilin mart ayının 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etmişdir. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. İlkin mərhələdə 144 ailə köçürülmüşdür. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınmışdır.

Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Füzuli işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, təməlqoyma mərasimlərində, aparılan inşaat, tikinti işləri ilə tanışlıq mərasimlərində, açılış mərasimlərində iştirak etmiş, Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmiş, Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarət etmişdir.