Ordubad rayonunda 2 Fevral – Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin iştirakı ilə “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə iştirak edən Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Gənclər və İdman İdarəsinin rəisi Hacı Sadiqov və rayon gəncləri adından müəllim Təranə İsmayılova çıxış edib. Çıxışlarda vurğulanıb ki, ölkəmizdə dövlət gənclər siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi strateji prioritet kimi müəyyən edilib. Dövlət gənclər siyasəti bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gənclərin təhsili, sosial fəallığı, intellektual inkişafı və vətənpərvərlik ruhunda yetişməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.
Bildirilib ki, 2 Fevral tarixi 1997-ci ildən etibarən ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur və bu tarix gənclər siyasətinin formalaşması və inkişafında mühüm mərhələ hesab edilir. Azərbaycan gəncləri dövlət tərəfindən yaradılan imkanlardan istifadə edərək ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edir.
Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq, müasir düşüncəli və dövlətçilik prinsiplərinə bağlı nəsil kimi formalaşır. Xüsusilə 44 günlük Vətən müharibəsində və Antiterror əməliyyatında gənclərin göstərdiyi qəhrəmanlıq və fədakarlığın aparılan uğurlu dövlət və gənclər siyasətinin parlaq nəticəsi olduğu diqqətə çatdırılıb.
Tədbirin yekununda müasir Azərbaycan gəncliyinin vətənə bağlılıq prinsiplərini və bu istiqamətdə uğurla icra olunan gənclər siyasətini əks etdirən film təqdim olunub.




