Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub. Ordubad Peşə Liseyində keçirilən tədbirdə rayonun idarə, müəssisə, təşkilatlarının əməkdaşları iştirak edib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Sooyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqiəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Ordubad Peşə Liseyinin direktoru Nicat Rzayev, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rza Abuzərov, Peşə Liseyinin müəllimi Günay Heydərova çıxış ediblər.
Çıxış edənlər tariximizin bu faciəli səhifəsi haqqında, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların tarixi kökləri, səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verib, bu faciənin xalqımızın yaddaşında silinməz iz buraxdığını vurğulayıblar. Qeyd olunub ki, həmin hadisələr zamanı minlərlə günahsız insan amansızcasına qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, milli-mədəni irsimizə ciddi ziyan vurulub.
Çıxışlarda soyqırımı hadisələrinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi, tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti, milli yaddaşının formalaşması, tariximizin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması baxımından bu cür tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sənədli film nümayiş olunub.