ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.    Ümummilli Lider Heydər Əliyev

Müəllim peşəsi yüksək məsuliyyət, zəngin bilik, səbr və fədakarlıq tələb edən ən şərəfli sənətlərdən biridir. Bu əlamətdar gün gələcək nəslin formalaşmasında, cəmiyyətin inkişafında misilsiz xidmətləri olan müəllimlərə dərin ehtiram və minnətdarlığımızı ifadə etmək üçün xüsusi bir fürsətdir.  Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Müstəqil Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. Bu günə dövlət səviyyəsində diqqət ayrılır.  

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Azərbaycan Respublikasında müəllim əməyinə hər zaman yüksək qiymət verilmiş, təhsil sahəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Müəllimlərimizin səyi və peşəkarlığı sayəsində gənc nəsil bilikli, vətənpərvər və müasir dünyagörüşünə malik vətəndaş kimi formalaşır.

Beşinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Müəllimlərimiz işğaldan azad olunmuş ərazilərdəki ümumtəhsil müəssisələrində tədris aparırlar.

 

Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir,  möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar və gələcək nəsillərin yetişdirilməsi yolunda yeni nailiyyətlər arzulayırıq.