ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

9 Fevral – Naxçıvan Muxtar Respublikasının Yaranması Günü

9 fevral Azərbaycan tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. Bu tarix Naxçıvan Muxtar Respublikasının yaranması günü kimi qeyd olunur və muxtar dövlətçilik ənənələrinin formalaşmasında mühüm mərhələni ifadə edir. Naxçıvan Muxtar Respublikasının yaradılması xalqımızın milli iradəsinin, tarixi torpaqlarımıza sahib çıxmaq əzminin və dövlətçilik düşüncəsinin təntənəsidir.

Naxçıvan diyarı əsrlər boyu Azərbaycan xalqının siyasi, mədəni və mənəvi həyatında xüsusi yer tutmuş, çətin tarixi sınaqlardan mətanətlə çıxmışdır. Muxtar respublikanın hüquqi-siyasi statusunun formalaşması Naxçıvanın Azərbaycan dövlətçiliyinin ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında həlledici rol oynamışdır.

Naxçıvan Muxtar Respublikasının bugünkü inkişaf yolunun təməlində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı ildə Naxçıvana qayıdışı bu qədim diyarın taleyində dönüş nöqtəsi olmuşdur. Ulu Öndər ağır və mürəkkəb şəraitdə Naxçıvanın siyasi sabitliyinin qorunmasını təmin etmiş, muxtar respublikanın təhlükəsizliyini möhkəmləndirmiş, milli maraqlara əsaslanan müdrik və uzaqgörən siyasət həyata keçirmişdir. Onun rəhbərliyi ilə Naxçıvanda dövlətçilik prinsipləri möhkəmlənmiş, üçrəngli Azərbaycan bayrağı ilk dəfə olaraq rəsmi şəkildə qaldırılmış, milli özünüdərk və azadlıq ideyaları güclənmişdir.

Bu gün Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasını daim diqqət mərkəzində saxlayır, onun sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Son illər Naxçıvanda həyata keçirilən iri infrastruktur layihələri, yol-nəqliyyat sisteminin yenilənməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, sosial obyektlərin tikintisi və yenidən qurulması muxtar respublikanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası müasir çağırışlara cavab verən, strateji əhəmiyyətə malik bir region kimi inkişaf edir. Muxtar respublikanın iqtisadi potensialının gücləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi və əhalinin məşğulluğunun artırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

9 Fevral – Naxçıvan Muxtar Respublikasının Yaranması Günü Naxçıvanın zəngin tarixinə, möhkəm dövlətçilik ənənələrinə və gələcəyə inamla baxan inkişaf yoluna ehtiramın ifadəsidir. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın birliyini və milli maraqlara sadiqliyini bir daha nümayiş etdirir.