ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Üstüpü kəndində vətəndaşların müraciətləri dinlənildi

29 sentyabr 2025-ci il tarixində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Üstüpü kəndində sakinlərin müraciətləri dinlənilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi iştirak ediblər.

Qəbulda ilk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək 44 günlük Vətən müharibəsindən danışıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu öz gücünü və rəşadətini göstərərək torpaqlarımızı işğaldan azad edib və bu qələbə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, balanslı və prinsipial siyasət yürüdən Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun şücaəti sayəsində mümkün olub. Hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, Şərqi Zəngəzur və Qarabağda yeni yaşayış massivlərinin, müasir infrastrukturun yaradılması nəticəsində  artıq 50 mindən çox insanın doğma torpaqlarına qayıdaraq məskunlaşdığı qeyd olunub.

Çıxışda həmçinin, Zəngəzur dəhlizinin açılmasının ölkəmizin strateji əhəmiyyətini artıracağı, regionda yeni iqtisadi imkanlar yaradacağı və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsinə böyük töhfə verəcəyi də xüsusi olaraq vurğulanıb.

Görüş zamanı “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda həyata keçirilən layihələr barədə də məlumat verilib. Qeyd olunub ki, şəhər və kənddaxili yolların yenidən qurulması, Şəhidlər Xiyabanının  və “Zəfər Parkı”nın layihəsinə başlanılması, həmçinin tarixi-mədəni irsimizin qorunması istiqamətində “Sərşəhər məscidi” və mədrəsəsinin əsaslı təmiri üçün aparılan işlər diqqətə çatdırılıb.

  Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd yollarında işıqlandırma təchizatının qurulması, Düylün kənd yolayrcında dayanacaq yerləşdirilməsi, bəzi yolların sel zamanı yararsız vəziyyətə düşməsinin qarşısının alınması üçün tədbirlərin görülməsi, kənd məktəbində fransız və rus dili ilə bərabər ingilis dilinin də tədris olunması, çirkli suların axıdılması üçün kanalizasiya sisteminin qurulması və digər məsələlər ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülüb.

Sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına və yaradılmış əlverişli qəbul şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.