
Yanvar ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda “Euronews” televiziyasına verdiyi müsahibəsində bildirib ki, strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.
Ölkə Başçısı müsahibəsində vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq böyük şərəfdir. Bunu otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Bildirilib ki, enerji bazarında neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.
İlham Əliyev onu da qeyd edib ki, Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)