ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Həmin iclas zamanı çıxış edən Azərbaycan Prezidenti qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik edərək, Düşənbədə dəfələrlə olmağından, ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyindən, yeni binaların tikildiyindən, bütün bunların bizi dost kimi çox sevindirdiyindən danışıb.

Bildirib ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

İlham Əliyev iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunaraq vurğulayıb ki, bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında ətraflı məlumat verilib. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin, tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilməsinin əyani şəkildə şahidi olublar.

Ölkə Prezidenti  Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd edib ki, birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları olub. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edilib. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.