ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan – Macarıstan strateji tərəfdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlığın daha da dərinləşdiyini bir daha nümayiş etdirdi. Bu bəyanat yalnız diplomatik münasibətlərin təkamülünə dair rəsmi baxışı deyil, eyni zamanda iki qədim və dost xalqın ortaq dəyərlərə və çağdaş çağırışlara necə bənzər şəkildə yanaşdığını da əks etdirir.

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Macarıstanı birləşdirən təkcə bugünkü siyasi və iqtisadi maraqlar deyil, eyni zamanda ortaq tarix, mədəni yaxınlıq və strateji vizyondur. Hər iki ölkənin oxşar geosiyasi vəziyyətdə yerləşməsi – açıq dənizlərə çıxışın olmaması, əhalinin və ərazi ölçülərinin yaxınlığı, həmçinin müharibə şəraitində olan ölkələrlə qonşuluq – bu münasibətləri daha da möhkəmləndirir.

Azərbaycan və Macarıstanın çağdaş dünyadakı mürəkkəb proseslərə eyni baxış bucağından yanaşması, qlobal və regional məsələlərdə mövqelərinin üst-üstə düşməsi qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da gücləndirir. Bu, yalnız diplomatik deyil, həm də strateji düşüncənin məhsuludur. Prezident İlham Əliyev bəyanatında Azərbaycanın 2020-ci ildə apardığı İkinci Qarabağ müharibəsinə də toxunaraq bu müharibənin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, ölkənin özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini vurğuladı. Ölkə rəhbəri bildirdi ki, 44 gün ərzində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini tam bərpa edib. Bu, yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, ədalətin təntənəsi kimi qiymətləndirilə bilər.

Əldə olunmuş qələbədən sonra isə Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış edərək, Ermənistanla münasibətlərin normallaşdırılması üçün konstruktiv addımlar atıb. Sülh müqaviləsinin ilkin layihəsinin Azərbaycan tərəfindən hazırlanması və onun Ermənistan tərəfindən, müəyyən düzəlişlərlə də olsa, qəbul olunması bu istiqamətdə mühüm irəliləyişin göstəricisidir. Dövlət başçısının qeyd etdiyi kimi, bu sənədin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və Minsk qrupunun hüquqi ləğvi əsas şərtlər olaraq qalır.

İki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri energetika sahəsidir. Macarıstan şirkətləri Azərbaycanın iri neft və qaz layihələrində pay sahibidir və gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir. Prezident İlham Əliyev qeyd etdi ki, Macarıstana qaz ixracı artıq reallıqdır və Azərbaycanın genişlənən enerji resursları bu ölkənin tələbatını təmin etməyə tam qadirdir. Azərbaycan Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir və bu sırada Macarıstan xüsusi yer tutur. Eyni zamanda, yaşıl enerji sahəsində də Azərbaycan-Macarıstan əməkdaşlığı geniş perspektivlər vəd edir. Azərbaycanın qarşıya qoyduğu məqsəd – beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsalına nail olmaq – ölkənin enerjidə transformasiya siyasətində qərarlı olduğunu sübut edir. Bu enerji siyasəti təkcə daxili tələbatı deyil, həm də Avropa məkanında enerji təhlükəsizliyini təmin etməyə xidmət edəcək.

Azərbaycan və Macarıstanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Türk Dövlətləri Təşkilatı çərçivəsində də bu əməkdaşlıq uğurla inkişaf edir. Ölkə rəhbəri məmnunluqla qeyd etdi ki, qeyri-rəsmi Zirvə görüşlərinin təşəbbüskarı olan Azərbaycan bu estafeti Macarıstana ötürüb və Budapeştdə keçiriləcək görüşlər Türk dünyasının birliyini daha da gücləndirəcək.

Dövlət başçısı Macarıstanın müstəqil və milli maraqlara əsaslanan siyasətini yüksək dəyərləndirdi. Xüsusilə Avropa İttifaqı kimi vahid qərarların dominantlıq etdiyi bir qurumda milli maraqları qoruyaraq öz yolunu seçmək siyasi iradə və cəsarət tələb edir. Macarıstanın bu sahədə apardığı siyasət, Baş nazir Viktor Orbanın prinsipial mövqeyi Azərbaycan tərəfindən hörmət və rəğbətlə qarşılanır.

Prezident İlham Əliyevin Macarıstandakı bəyanatı, sadəcə, diplomatik protokolun bir hissəsi deyil. Bu bəyanat iki ölkə arasında strateji əməkdaşlığın ruhunu, dərinliyini və gələcək konturlarını əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Azərbaycan və Macarıstan təkcə dost ölkələr deyil, ortaq dəyərlər, çağırışlar və məqsədlər naminə çiyin-çiyinə addımlayan strateji tərəfdaşlardır.