ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevral ayının 15-də Serbiya Respublikasına səfəri zamanı mətbuata bəyanatla çıxış edərək bildirib ki, Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Bu gün Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Bunun nəticəsidir ki, təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir.

İlham Əliyev müsahibəsində Serbiya Prezidenti Vuçiçin çox yüksək liderlik keyfiyyətlərinin olduğunu, uzun illərdir ki, ölkələr arasında təmasların davam etdiyini, ölkə liderləri arasında səmimi söhbətlər aparıldığını, dostluq münasibətlərinin olduğunu vurğulayaraq, Prezident Vuçiçin Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına bağlı olan bir insan olduğunu vurğulayıb.

Qeyd edilib ki, Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edilib. Əsas planlar siyasi, iqtisadi, energetika sahəsində əlaqələri daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Artıq birgə inşa ediləcək elektrik stansiyası qərarına gəldik. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.

Ölkəmizin Prezidenti bildirib ki, bir müddət bundan əvvəl Serbiyaya təbii qazın ixracına başlamışıq və ixracın həcmini artıracağıq. Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. Bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. Bu rəqəm artacaq. Çünki biz indi bir çox bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğuluq və bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazırıq. Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

 

Müsahibəsinin sonunda İlham Əliyev yaxın gələcəkdə yenə də görüşəcəklərini, Prezident Vuçiçini və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etdiyini, dəfələrlə Serbiyada olduğunu və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözləri ilə gördüyünü bildirərək, bütün bunlara görə bir daha serbiyalıları təbrik edib.