ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik

Mart ayının 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuata bəyanatla çıxış ediblər.

İlham Əliyev çıxışında bu səfərə çox böyük önəm verildiyini, indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində səfərin mühüm rol oyanacağını bildirib. Qeyd edib ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

Ölkəmizin Prezidenti vurğulayıb ki, həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Bildirilib ki, külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz.

Qeyd olunub ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.

İlham Əliyev çıxışında deyib ki, Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik.