ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq

Mart ayının 12-də Bakıda, “Gülüstan” sarayında “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb. Forumun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, builki forumun gündəliyi çox genişdir. Forum bir çox məsələləri əhatə edir, lakin əminəm ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik əsas amildir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Qeyd olunub ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. İşğal dövründə sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Biz artıq sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.

Biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu mənfi təcrübə olmuşdur.

Daha sonra 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi. Biz artıq Ermənistanla ticarəti bərpa etmişik. Onlar üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başladıq və bununla da göstərdik ki, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ Müharibəsi və daha sonra anti-terror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

İlham Əliyev qeyd edib ki, indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırıla bilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir.

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

Vurğulanıb ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.

Ölkəmizin Prezidenti çıxışında deyib ki, indi biz mövcud dəhlizlərin yükdaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.

Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq.