
1961-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olan İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Cənab İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2024-cü il 7 fevral tarixli prezident seçkilərində cənab İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər aşağıdakılar idi:
- Hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması;
- Qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım;
- İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış;
- Milli maraqlara söykənən müstəqil xarici siyasət;
- Milli təhlükəsizlik və müasir ordu quruculuğu;
- İnnovativ və müasir təhsil, qabaqcıl səhiyyə;
- Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı;
- Demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi.
2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdi. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Prezidenti İlham Əliyev 11 oktyabr 2004-cü il tarixdə Rumıniyanın “Rumıniya Ulduzu” ordeni ilə, 8 mart 2005-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni ilə, 11 aprel 2005-ci il tarixdə Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni ilə, 28 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni ilə, 14 sentyabr 2005-ci il tarixdə Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni ilə, 22 dekabr 2005-ci il tarixdə Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni ilə, 29 yanvar 2007-ci il tarixdə Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni ilə, 26 fevral 2008-ci il tarixdə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni ilə, 22 may 2008-ci il tarixdə Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni ilə, 10 fevral 2009-cu il tarixdə Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni ilə, 10 avqust 2009-cu il tarixdə Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi ilə, 24 aprel 2010-cu il tarixdə Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni ilə, 18 aprel 2011-ci il tarixdə Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı ilə, 18 aprel 2011-ci il tarixdə Rumıniyanın “Sadiq Xidmət” milli ordeni ilə, 14 noyabr 2011-ci il tarixdə Bolqarıstan Respublikasının “Stara Planina” ordeni ilə, 12 iyul 2012-ci il tarixdə Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni ilə, 28 avqust 2012-ci il tarixdə Belarusun “Xalqlar dostluğu” ordeni ilə, 22 fevral 2013-cü il tarixdə “Serbiya Respublikasının lentli Ordeni” ilə, 12 noyabr 2013-cü il tarixdə Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni ilə, 18 noyabr 2013-cü il tarixdə Ukraynanın “Azadlıq” ordeni ilə, 12 noyabr 2021-ci il tarixdə Türk Dünyasının Ali Ordeni ilə, 24 avqust 2022-ci il tarixdə Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunub.
Cənab İlham Əliyev həmçinin 7 fevral 2004-cü il tarixdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru, 1 mart 2004-cü il tarixdə Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı, 25 mart 2004-cü il tarixdə Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru, 14 aprel 2004-cü il tarixdə Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatına, 12 oktyabr 2004-cü il tarixdə Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru, 23 sentyabr 2005-ci il tarixdə Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru, 24 aprel 2007-ci il tarixdə Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru, 29 iyul 2007-ci il tarixdə İordaniyanın Amman şəhərindəki dövlət universitetinin fəxri doktoru, 18 fevral 2008-ci il tarixdə Macarıstanın Korvinus Universitetinin fəxri doktoru, 21 fevral 2008-ci il tarixdə Moskva Dövlət Universitetinin fəxri professoru, 22 may 2008-ci il tarixdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru, 28 noyabr 2008-ci il tarixdə Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru, 2 noyabr 2009-cu il tarixdə Bakı Dövlət Universitetinin fəxri doktoru, 12 noyabr 2009-cu il tarixdə Belarus Dövlət Universitetinin fəxri professoru, 16 oktyabr 2014-cü il tarixdə Tacikistan Milli Universitetinin fəxri doktoru, 11 dekabr 2015-ci il tarixdə Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu fəxri adlarına layiq görülüb.
İlham Əliyev 10 oktyabr 2003-cü il tarixdə Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı, 3 aprel 2004-cü il tarixdə Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı, 19 aprel 2004-cü il tarixdə Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni, 1 may 2004-cü il tarixdə Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı, 27 may 2005-ci il tarixdə Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni, 26 sentyabr 2005-ci il tarixdə MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı, 17 sentyabr 2007-ci il tarixdə Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı, 26 oktyabr 2007-ci il tarixdə Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı, 27 dekabr 2007-ci il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni, 20 mart 2008-ci tarixdə Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu, 15 may 2009-cu il tarixdə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 26 iyun 2015-ci il tarixdə Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı, 29 aprel 2018-ci il tarixdə Dünya Güləş Birliyinin “Qızıl Orden” ali mükafatı, 5 mart 2022-ci il tarixdə Dünya Etnoidman Konfederasiyasının “Liderlik Mükafatı” kimi idman təşkilatlarının mükafatlarına layiq görülüb.