
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində fevral ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatla çıxış ediblər. Bəyanatın əvvəlində İlham Əliyev Azərbaycana olan çox müsbət münasibətə görə, Qafqazda sülhə verdikləri töhfəyə görə Tramp-Vens administrasiyasına minnətdarlıq edib. Bildirib ki, Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi heyətlərin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Qeyd olunub ki, Vitse-prezident Vensin səfəri zamanı imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Xartiya danışıqların mahiyyəti baxımından tarixidir. Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
1. İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;
2. 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;
3. Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;
4. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;
5. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.


