
19 may 1994-cü il tarixdə Sədərək döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Rzayev Surxay İsa oğlunun doğum günü ilə əlaqədar Düylün kəndində anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət gostərən, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimai birliklər, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, çıxışlar dinlənilib.
Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu haqqında məlumat verilib. Həmçinin, Vətən müharibəsində, Antiterror əməliyyatında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilən Zəfər tarixindən bəhs olunub. Qəhrəman şəhidlərimizin əziz xatirələrinin hər zaman hörmət və ehtiramla anılacağı qeyd edilib, şəhid ailələri və müharibə iştirakçılarının ölkə başçısı tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələndiyi vurğulanıb.
Tədbirin sonunda Düylün kəndində şəhid Qədimov Pənah Salman oğlu, Hüseynov Mətin Ramiz oğlu və Abdullayev İntiqam Allahverdi oğlunun da məzarları ziyarət olunub, şəhidlərimizin xatirəsi yad edilib.





