Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaş müraciətlərinin yerində araşdırılması və qaldırılan məsələlərin operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 12 dekabr 2025-ci ildə Düylün kəndində səyyar qəbul keçirildi. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak etdilər.
İlk olaraq 12 dekabr–Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəqlik sükutla yad edilib.
Qəbulda çıxış edən Rəcəb Rəhimli, Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli inkişaf strategiyasının formalaşdırılması və xalqımızın rifahının yüksəldilməsi sahəsindəki tarixi xidmətlərini xatırladıb. Bildirilib ki, Ulu Öndərin müdrik liderlik strategiyası, milli dövlətçilik prinsipləri və uzaqgörən siyasəti sayəsində Azərbaycan çətin və mürəkkəb dövrlərdən çıxaraq sabitlik və tərəqqi yoluna qədəm qoyub, həmçinin, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir.
“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçirilən işlər barədə məlumat verən icra başçısı qeyd edib ki, şəhər və kənddaxili yol infrastrukturunun qurulması, su infrastrukturunun yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, mədən sənayesinin dirçəldilməsi, turizmin inkişafı, “Şəhidlər Xiyabanı”nın təmiri və “Zəfər Parkı”nın tikintisi üçün layihələr həyata keçirilir. Tarix-mədəniyyət abidələrinin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binasında əsaslı təmir işləri aparılır, “Sərşəhər məscidi” və “Mədrəsə” binasının bərpası üçün işlər davam etdirilir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində Ordubad rayonun Salamməlik stansiyası ərazisində gedən işlər diqqətə çatdırılıb.
Görüşdə kənd sakinlərinin içməli su təminatının yaxşılaşdırılması, şəhidlərin xatirəsinə ucaldılmış abidənin ətrafında işıq təchizatının qurulması, mərasim evində tikinti-bərpa işlərinin aparılması, elektrik dirəyinin yerinin dəyişdirilməsi, kənd daxili körpüdə təmir-möhkəmləndirmə işlərinin aparılması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismi yerindəcə həll olunub, həlli müəyyən vaxt tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.