ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciətində deyib: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atdı. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etdi, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi, dünyada strateji əhəmiyyəti artdı.

Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın yeni sədri seçildi. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etdi. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olundu və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradıldı. Partiyanın yeni Proqramı qəbul edildi, həmçinin kadr islahatlarına başlanıldı.

Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoydu. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. Prezident İlham Əliyev 2020-ci ilin əvvəlində ölkədə yeni siyasi konfiqurasiyanın qurulması, siyasi dialoq mühitinin formalaşdırılması məsələsini ictimai çıxışlarında diqqətə çatdırdı, bu barədə müvafiq tapşırıqlarını verdi. VI çağırış Milli Məclisin ilk iclasında da cənab Prezident bu prosesin təfərrüatlarına toxunaraq dedi: “... indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.”; “Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”

Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Siyasi dialoqun müsbət demokratik təzahürü kimi, siyasi partiyaların fəaliyyəti ölkənin 160-a yaxın mərkəzi və yerli icra hakimiyyəti orqanı və digər dövlət qurumları ilə əlaqələndirildi. Ümumilikdə 89 qurultayın keçirilməsi üçün lazımi şərait yaradıldı ki, bunların 30-nun keçirilməsi nəticəsində müvafiq partiyaların legitim fəaliyyəti təmin edildi. Uzun fasilədən sonra 12 yeni siyasi partiyanın dövlət qeydiyyatından keçməsi təmin olundu. “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edildi. Siyasi partiyalara dövlət maliyyə yardımının həcmi 2022-ci ildən başlayaraq 4 milyondan 5 milyona manata, 2025-ci ildən isə 6 milyon manata çatdırıldı, parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar da 2024-cü ilin IV rübündən etibarən dövlətdən maliyyə yardımı almağa başladılar. Siyasi partiyaların işğaldan azad edilən rayonlara birgə 8 səfəri həyata keçirildi. Siyasi partiyaların (AXCP istisna olmaqla) iştirakı ilə 1 seminar-müşavirə, Milli Məclisdə 3 dəyirmi masa, həmçinin 6 video-konfrans və çoxsaylı fərdi görüşlər keçirildi, partiyaların mütləq əksəriyyəti dövlətçilik məsələləri ilə bağlı Vətən müharibəsi zamanı və digər dövrlərdə siyasi və milli birlik nümayiş etdirərək ümumilikdə 14 birgə bəyanat və müraciətə imza atdılar. Bütün siyasi partiyalar dövrü olaraq MSK-ya maliyyə hesabatlarını təqdim etməyə başladı, qərargahı olmayan siyasi partiyalar üçün 29 təmirli ofis ayrıldı və istifadəyə verildi, siyasi partiya liderlərinin müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında davamlı çıxışları təmin olundu. Anım günlərində, ümumxalq hüzn günündə müvafiq məkanların siyasi partiya nümayəndələrinin birgə ziyarət etməsi təşkil olunmaqdadır. 2020-ci ildən etibarən əlamətdar günlərdə Prezident İlham Əliyevlə siyasi partiyaların mütləq əksəriyyətinin rəhbərləri arasında qarşılıqlı bayramlaşma təcrübəsi yarandı.

10 siyasi partiyanın VI çağırış, 11 siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə 7 müxalifət partiyasının nümayəndələri qanunvericilik orqanının rəhbərliyində (Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifəsinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər) təmsil olunublar. Milli Məclisə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərdə 26 siyasi partiyadan 25-i iştirak etdi (2020-ci ildə 62 siyasi partiyadan cəmi 20-si iştirak etmişdir). Son parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürüldü ki, onlar da bütün namizədlərin 30,7%-ni təşkil edirdi (2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 18,7%-ni təşkil etmişdir). 25 siyasi partiya 71.048 nəfər müşahidəçi və məşvərətçi ilə son seçkilərdə iştirak etdi (2020-ci ilin seçkilərində isə 24 siyasi partiya təxminən 2 dəfə az - 35.476 müşahidəçi və məşvərətçi ilə seçkilərdə iştirak etmişdir). VII çağırış Milli Məclisə seçilən deputatlardan 68-i Yeni Azərbaycan Partiyasını, 13-ü müxalifət partiyalarını təmsil etdi, 44-ü bitərəf oldu, həmçinin Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyasının nümayəndəsi seçildi.

2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürüldü. Həmçinin seçkilərdə siyasi partiyaların irəli sürdüyü müşahidəçi və məşvərətçilərin sayında əhəmiyyətli artım oldu. 2018-ci il prezident seçkilərində 62 siyasi partiyadan 14 siyasi partiya 36.315 müşahidəçi və məşvərətçi ilə iştirak etdiyi halda, son seçkilərdə dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 19-u seçkilərdə 51.756 müşahidəçi və məşvərətçi ilə iştirak etdi. Ölkədə formalaşmış yeni siyasi mədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonra ilk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffaf keçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbə münasibəti ilə təbrik etdilər. 

2025-ci ilin 29 yanvar tarixində keçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasi partiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçki prosesinə qatıldı (2019-cu il seçkilərində 55 siyasi partiyadan yalnız 13-ü iştirak etmişdir). Müxalif siyasi partiyalar tərəfindən ümumilikdə 408 namizəd irəli sürüldü, qeydiyyatda qalan namizədlərin sayı 356 nəfər oldu. 24 siyasi partiya tərəfindən irəli sürülən müşahidəçilərin ümumi sayı 26.260-a çatdı (2019-cu il bələdiyyə seçkilərində 31 siyasi partiya tərəfindən ümumilikdə 20.486 müşahidəçi qeydə alınmışdı). 2025-ci il seçkilərinin nəticəsində 22 müxalif siyasi partiyadan 170 nəfər bələdiyyə üzvü seçildi ki, onlardan da 4-ü hazırda bələdiyyə sədrinin müavini vəzifəsini tutur. Sözügedən seçkilərdə iştirak etmiş 20 müxalif siyasi partiya ümumi seçki marafonu, təbliğat-təşviqat işləri və səsvermənin nəticələrinə dair müsbət məzmunlu bəyanatlar və açıqlamalar verdilər.

Prezident İlham Əliyev tərəfindən 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamil olunub. Həmin dövrdə 5 amnistiya aktı qəbul edilib. Prezident  İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.

Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Prezident İlham Əliyev sevincli günləri xalqı ilə bölüşür, ad günlərində Prezident adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. 2022-ci il 24 dekabr tarixində cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident İlham Əliyev 2023-cü ildə ad günündə Ağdama səfər edərək, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak etdi və təməlini qoydu.