
Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Məhəmməd Tağı Sidqi adına şəhər 1 nömrəli tam orta məktərbdə "Erkən və qan qohumluğu nikahlarının fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələr arasında erkən nikahın və qohumluq əsasında qurulan nikahların yaratdığı sosial, psixoloji və sağlamlıq problemləri barədə məlumatlılığı artırmaq olub.
Yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Məmmədli, Qiymət Hacıyeva, şəhər 1 nömrəli tam orta məktərbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılova çıxış ediblər. Çıxışlarda erkən nikahın təhsildən yayınma, sosial adaptasiya çətinlikləri və ailədaxili problemlərə səbəb olması diqqətə çatdırılıb. Qan qohumluğu nikahlarının gələcək nəsillərdə irsi xəstəliklərin artmasına və sağlamlıq risklərinə yol aça biləcəyi vurğulanıb. Həmçinin sağlam və məsuliyyətli ailə qurmağın əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi gənclərin düzgün seçim etməsinə və sağlam cəmiyyətin formalaşmasına mühüm töhfə verir.
Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.


