ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İlham Əliyevin uğurlu xarici siyasət və qlobal əhəmiyyətli təşəbbüsləri

 İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2013-cü il oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edildi. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib. Qətnaməyə 126 BMT üzv dövləti həm-müəllif qismində qoşulub.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi edib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. ISESCO tərəfindən 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşa şəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilib. 2026-cı ildə isə ölkəmiz  İslam Əməkdaşlıq Təşkilatına  sədrlik edəcək. Sədrlik  ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.

Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib. Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində 1994-cü ildən alyansın proqramlarında fəal iştirak edir. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlıq mövcuddur. Silahlı Qüvvələrimiz Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak edib, bu xüsusda ölkəmiz regional nəqliyyat və logistika mərkəzi kimi töhfələr verib, sülhməramlılarımız Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar. 2025-ci il 6-7 noyabr tarixlərində NATO-nun Şimali Atlantik Şurası (ŞAŞ) səfirlərindən ibarət nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycana səfər ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırıb. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv və müşahidəçi dövlətlərə 20-dən artıq səfəri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Həmçinin 2025-ci il 21 mayda Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib, oktyabrın 7-də Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib və bəyannamə imzalanıb.

2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir. 3-4 iyul 2025-ci il tarixlərində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü  keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həmçinin, 1 iyul tarixində Ağdamda İƏT Gənclər Forumu, 2 iyulda Laçında İƏT Qadınlar Forumu və 2 iyulda Şuşada 6-cı İƏT Biznes Forumu təşkil edilib.

2025-ci il 7-8 avqust tarixlərində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

Səfər çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşdı.