Vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən noyabr ayının 7-də Ələhi kəndində səyyar qəbul keçirilib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbulda çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilk olaraq 8 noyabr – Zəfər Günü münasibətilə kənd sakinlərini təbrik edib. İcra başçısı, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışaraq bildirib ki, bu Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Ordumuzun rəşadəti və xalqımızın birliyinin nəticəsidir. Qeyd edib ki, bu gün regionda formalaşan yeni geosiyasi reallıqlar məhz həmin qələbənin möhkəm təməli üzərində qurulub. Rayon İcra Hakimiyyətinin başçısı azad edilmiş ərazilərdə yeni həyatın canlandığını, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və inkişaf işlərinin aparıldığını da vurğulayıb.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, proqram əsasında rayonda və kəndlərdə yol infrastrukturunun qurulması, məşğulluq imkanlarının artırılması, içməli və suvarma su sistemlərinin yaxşılaşdırılması, turizmin inkişafı, mədən sənayesi, kənd təsərrüfatı və sahibkarlığın dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Tarixi mədəniyyət abidələrinin qorunması məqsədilə “Ərbabın iş yeri” adlanan binada, dünya şöhrətli alim akademik Yusif Məmmədəliyevin büstündə və ətrafında görülən işlər diqqətə çatdırılıb, həmçinin, “Sərşəhər məscidi”nin və “Mədrəsə” binasının bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib. Qeyd olunub ki, “Ordubad ABAD Factory” İstehsalat Kompleksinin layihəsi çərçivəsində sahibkarlıq subyektlərinin yaradılması rayonun məşğulluq imkanları daha da artıracaq.
Daha sonra məşğulluq, içməli su təminatının yaxşılaşdırılması, örüş sahəsi üçün ərazinin müəyyənləşdirilməsi, su anbarının tikilməsi, yol infrastrukturunun yenilənməsi, kənd təsərrüfatı və heyvandarlığın inkişafı sahəsində həyata keçirilə biləcək layihələr ilə əlaqədar kənd sakinlərinin təklif və müraciətləri dinlənilib. Qaldırılan məsələrin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib və həlli müəyyən vaxt tələb edən müraciətlər nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.