ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Maarifçilikdən müstəqilliyə gedən yolun söz salnaməsi

22 iyul – Azərbaycan Milli Mətbuatının yaranma tarixidir. Bu əlamətdar gün ölkəmizin ictimai-siyasi, mənəvi və mədəni həyatında mühüm rol oynamış və bu gün də əvəzsiz əhəmiyyət daşıyan milli mətbuatımızın parlaq inkişaf yolunun başlanğıcı kimi tarixə həkk olunmuşdur. Məhz bu gündə – 1875-ci il iyulun 22-də görkəmli maarifçi ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk Azərbaycan dilli qəzet – “Əkinçi” nəşr olunaraq milli mətbuatımızın təməlini qoydu.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz hissəsidir. “Əkinçi”dən başlanan bu yol zamanla ictimai şüurun oyanışına, maarifçiliyin yayılmasına, milli özünüdərkin formalaşmasına və istiqlal arzularının reallığa çevrilməsinə xidmət etmişdir. “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi qısa müddət ərzində cəmiyyətin intellektual inkişafında, milli dəyərlərin qorunmasında, xalqın hüquq və azadlıqlarının təbliğində mühüm rol oynamışdır. Zərdabidən sonra onun yolunu “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbu orqanlar davam etdirmiş, Azərbaycan dilində yazıb-yaratmaq ənənəsini yaşatmış və inkişaf etdirmişlər. Anadilli mətbuat milli ideologiyanın, mütərəqqi fikrin, maarifçilik hərəkatının daşıyıcısına çevrilmişdir.

Azərbaycan mətbuatı ötən əsrin əvvəllərində milli-mənəvi dəyərlərin təbliğində, azərbaycançılıq məfkurəsinin formalaşmasında, dövlətçilik ideyalarının yayılmasında, xalqın ictimai-siyasi mübarizəsində ön sıralarda yer almışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar çərçivəsində ölkədə senzura ləğv olundu, mətbuat üzərində dövlət nəzarəti aradan qaldırıldı, jurnalistlərin fəaliyyətini tənzimləyən hüquqi baza formalaşdırıldı. Ulu Öndərin “Jurnalistlərin dostu” adına layiq görülməsi onun söz və mətbuat azadlığına verdiyi yüksək dəyərin təzahürü idi.

Bu siyasi iradə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Media azadlığının təmin olunması, informasiya təhlükəsizliyinin qorunması, mətbuatın cəmiyyətin inkişafında fəal iştirakçıya çevrilməsi istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, “Media haqqında” Qanun təsdiqləndi, Medianın İnkişafı Agentliyi yaradıldı. Dövlət başçısının imzaladığı sənədlərlə milli mətbuatın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında yüksək səviyyədə qeyd olundu. 2025-ci ildə isə Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə yubiley medalı təsis edildi və bu əlamətdar hadisənin qeyd olunması ilə bağlı Sərəncam imzalandı.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı media sahəsində yeni trendləri və çağırışları meydana çıxarmışdır. İnternet media, sosial platformalar, süni intellektin tətbiqi kimi tendensiyalar media institutlarının fəaliyyət prinsiplərində dönüş yaratmışdır. Bu baxımdan Azərbaycan mediyası da qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilmiş, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə milli maraqlarımızın müdafiəsində fəal mövqe sərgiləmişdir. Qlobal Media Forumunun 2023 və 2024-cü illərdə məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi ölkəmizin media sahəsində beynəlxalq əməkdaşlıq platformasında mühüm yer tutduğunu bir daha təsdiqlədi.

Məhz ardıcıl siyasətin nəticəsidir ki, 2023-cü ildə əsası qoyulan və artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu bu il üçüncü dəfə keçirildi. 2025-ci ildə baş tutan III Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrindən yüzlərlə media təmsilçisini Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir araya gətirdi. İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda çıxışı zamanı media sahəsində transmilli çağırışlara, informasiya təhlükəsizliyinə və dezinformasiyaya qarşı mübarizəyə dair səsləndirdiyi fikirlər qlobal miqyasda rezonans doğurdu. Forum təkcə regional deyil, həm də qlobal media müzakirələrinin mərkəzinə çevrilərək Azərbaycanın söz və informasiya məkanında artan nüfuzunu bir daha nümayiş etdirdi

İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində əsl qəhrəmanlıq nümayiş etdirmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmət göstərmişdir. Jurnalistlər döyüş meydanında həm informasiya döyüşçüsü, həm də əsl vətəndaş kimi davranmış, şəhidlərimizin qəhrəmanlığını, ordumuzun şücaətini və Ali Baş Komandanın müdrik siyasətini peşəkarlıqla işıqlandırmışlar.

Azərbaycan jurnalistləri bu gün də öz fəaliyyətlərində obyektivlik, dəqiqlik, milli maraqlara sədaqət və informasiya məsuliyyəti prinsiplərinə sadiq qalaraq, cəmiyyətimizin inkişafına töhfə verməyə davam edirlər. Bu gün Azərbaycan mediası cəmiyyətin güzgüsü olmaqla yanaşı, eyni zamanda, onun demokratik inkişafını təmin edən aparıcı vasitələrdən biridir. Dövlət tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, ipoteka güzəştləri, vergi azadolmaları və müxtəlif təşviq mexanizmləri tətbiq olunması medianın dayanıqlı inkişafına ciddi dəstəkdir

Media sahəsində aparılan islahatlar nəticəsində ölkəmizdə peşəkar, çevik, milli maraqlara sadiq, dünya informasiya sisteminə inteqrasiya olunmuş müasir media məkanı formalaşmışdır. Nəticə olaraq, 150 illik inkişaf yolu keçmiş Azərbaycan mətbuatı zəngin ənənələrinə söykənərək bu gün müstəqil dövlətimizin informasiya təhlükəsizliyinin qorunmasında, ictimai rəyin formalaşdırılmasında, demokratik dəyərlərin təbliğində, milli maraqların müdafiəsində və mənəvi dəyərlərimizin qorunmasında əvəzsiz rol oynamaqdadır. Azərbaycan mediası gələcəyə baxışında yenilənən informasiya mühitinə uyğunlaşmaqla, peşəkar və məsuliyyətli söz daşıyıcısı missiyasını davam etdirəcək, 150 illik şanlı yolunu daha böyük nailiyyətlərlə zənginləşdirəcəkdir.