ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı

     “Nuhçıxan” İnformasiya Agentliyinin verdiyi məlumata görə  "Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb. Ermənistanla sərhəddə, Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə start verilib.

      "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev  NUHÇIXAN-a bildirib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

      "Bildiyiniz kimi, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda cənab Prezident növbəti tarixi zəfərə imza ataraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşmanın imzalanmasına nail olub. Bu razılaşma çərçivəsində dəhliz boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilir. Zəngəzur dəhlizi həm də Şimal-Cənub dəhlizinin əsas halqalarından birini təşkil edəcək", – deyə Arif Ağayev əlavə edib.