ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonun Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirildi

Vətəndaş müraciətlərinin yerində dinlənilməsi və mövcud problemlərin operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli  19 dekabr 2025-ci il tarixində Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul  əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Görüş zamanı Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli şanlı Zəfərin tarixi əhəmiyyətindən, bu qələbənin ardıcıl və məqsədyönlü dövlət siyasətinin uğurlu təcəssümü olmasından bəhs edib, şəhid və qazilərimizin qəhrəmanlığını vurğulayıb. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyəti qeyd edilib, dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi məqsədilə Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə başlanılması diqqətə çatdırılıb.

“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərə toxunan İcra başçısı, məşğulluq imkanlarının artırılması, yol infrastrukturunun yenidən qurulması, meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində intensiv bağçılığın inkişaf etdirilməsi, “Şəhidlər Xiyabanı”nın təmir olunması, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması məqsədilə “Ərbabın iş yeri” binasının əsaslı təmiri, “Sərşəhər məscidi”, “Mədrəsə” binası və “Təkeşiyi məscidi”nin bərpası istiqamətində görülən işlər barədə məlumat verib.  Rəcəb Rəhimli qeyd edib ki, mədən sənayesinin dirçəldilməsi, ABAD fabrikinin qurulması, konserv və ipəkçiliyin inkişaf etdirilməsi rayon əhalisinin məşğulluq imkanlarını artıracaq.

Daha sonra kənd sakinlərinin elektrik şəbəkəsinin digər əraziyə köçürülməsi, kənddaxili bəzi avtomobil yollarının asfalt örtüyü ilə təmin olunması, yol kənarında yerləşən kanalın bərpası, vətəndaşa məxsus torpaq sahəsinin su xətti ilə təmin olunması və digər məsələlərlə bağlı təklif və müraciətləri dinlənilib. Müraciətlərin bir qismi yerindəcə həll olunub, həlli müəyyən vaxt  tələb edən məsələlər aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.