20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Ordubad rayonunda silsilə anım tədbirləri keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, İcra Hakimiyyətinin kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonunu təmsil edən deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti Ordubad şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbir iştirakçıları şəhid məzarları üzərinə gül dəstələri düzüb, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbirləri çərçivəsində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 20 Yanvar şəhidi Rahim Babayevin ailəsini ziyarət edib. Görüş zamanı icra başçısı 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik mübarizəsində mühüm mərhələ olduğunu vurğulayaraq, şəhidlərin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını qeyd edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu bildirilib.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq rayon ərazisində dövlət bayraqları yarıyadək endirilib. Saat 12:00-da hərəkət bir dəqiqəlik dayandırılıb, avtomobillərin səs siqnalları ilə faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.