Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Məişət zorakılığı, erkən nikah, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, Polis Şöbəsinin, Qeydiyyat Şöbəsinin, Təhsil Şöbəsinin əməkdaşları, Ordubad rayonunun şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun Dini icmasının rəhbəri, ictimai-iaşə obyektlərinin inzibatçıları iştirak ediblər.
Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə İcra Hakimiyyətinin Hüquq sektorunun müdiri Emin Mehbalıyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva, Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov çıxış ediblər. Çıxışlarda mövzunun aktuallığı vurğulanaraq bu sahədə aparılan dövlət siyasəti və profilaktik tədbirlərin əhəmiyyəti, məişət zorakılığına qarşı mübarizə, erkən nikahın fəsadları, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması və ailə münasibətlərində sağlam mühitin formalaşdırılması mövzuları barədə ətraflı məlumat verilib.
Sonra tədbirin təşkilatçıları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.