ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda MARSOL GROUP partnyorları və nümayəndə heyəti ilə görüş keçirildi

5 dekabr 2025-ci il tarixdə işgüzar Naxçıvan səfəri çərçivəsində Marsol Group partnyorları və nümayəndə heyəti Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə görüş keçirib.

    Görüş zamanı icra başçısı Rəcəb Rəhimli qonaqlara rayonun qədim Azərbaycan torpağı kimi zəngin tarixi, iqtisadi və mədəni irsi, eləcə də rayonun investisiya imkanları  barədə ətraflı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması  “Tarixi Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi rayonun beynəlxalq miqyasda tanınmasına mühüm töhfə verib. Ordubad şəhərinin Baş Planı barədə də danışan İcra başçısı əlavə edib ki, bu plan rayonun tarixi irsinin qorunması ilə yanaşı, müasir tələblərə uyğun inkişaf konsepsiyasını özündə birləşdirir. İpəkçilik və meyvəçilik sahələrinin inkişafı, konserv zavodunun formalaşdırılması, dağ-mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturunun bərpası və digər sahələr üzrə genişmiqyaslı layihələrin icrası rayonun əsas sosial-iqtisadi istiqamətləri kimi nəzərdə tutulur. Ordubadın təbii mənzərələri, zəngin tarixi və mədəni irsi, ekoloji cəhətdən təmiz mühiti və infrastrukturu onu turizm üçün əlverişli bir məkan halına gətirir və bu sahədə inkişaf üçün geniş perspektivlər mövcuddur. Ordubad rayonunun Pəzməri kəndi Dövlət Proqramı çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən turistik kənd kimi müəyyənləşdirilib, həmçinin, rayonun digər kəndləri də turizm potensialına malikdir. Zəngəzur dəhlizinin açılmasının bölgə üçün strateji əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, dəhliz yalnız Ordubad üçün deyil, bütün Şərqi Zəngəzur və Azərbaycan üçün yeni iqtisadi və nəqliyyat imkanları yaradacaq, regionun tranzit potensialını artıracaq, yerli sahibkarlıq və turizmin inkişafına töhfə verəcək. 

Görüşdə Marsol Group-un rəhbəri Tural Mustafayev çıxış edərək görüş üçün təşəkkürünü bildirib və Ordubadın inkişaf istiqamətlərini yüksək qiymətləndirib. Daha sonra görüşə onlayn şəkildə qoşulan Ordubad rayonundan olan iş adamları öz təcrübələrini və rayonun inkişafı ilə bağlı fikir və təkliflərini bölüşüblər. Ardınca qonaqları maraqlandıran suallar cavablandırılıb.

Ordubada səfərləri çərçivəsində Marsol Group partnyorları bölgənin tarixi və mədəni irsi ilə, eləcə də rayonun investisiya imkanları  ilə yaxından tanış olublar.