ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda növbəti səyyar qəbul Azadkənddə keçirildi

      Ordubad rayonu üzrə vətəndaş müraciətlərinin yerində araşdırılması və əhalini narahat edən məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul Azadkənd kəndində təşkil olunub. Səyyar qəbulda Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli kənd sakinləri ilə görüşərək onların müraciət və təkliflərini dinləyib. Qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun xidmət sahələrinin rəhbərləri, kənd icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

     Qəbul zamanı çıxış edən Rəcəb Rəhimli bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin əsas prioritetlərindən biri regionların davamlı inkişafının təmin olunması, vətəndaş rifahının yüksəldilməsi və vətəndaş müraciətlərinin yerində həllidir. Vurğulanıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bölgələrdə infrastruktur layihələri genişlənir, məşğulluq imkanları artır və sosial xidmətlərin keyfiyyəti yüksəlir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası üzrə qəbul olunmuş 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramı muxtar respublikanın hərtərəfli inkişafını təmin etməyə yönəlib. Rəcəb Rəhimli çıxışında bu proqram çərçivəsində həmçinin Ordubad rayonu ilə bağlı müəyyən edilmiş inkişaf strategiyalarına toxunaraq bildirib ki, rayonun iqtisadi potensialının gücləndirilməsi, meliorasiya və su təsərrüfatının yaxşılaşdırılması,  turizm imkanlarının genişləndirilməsi, şəhər və kənddaxili yol infrastrukturunun yenilənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının artırılması əsas prioritetlərdəndir. Bu məqsədlə yerli resurslardan səmərəli istifadə, yeni investisiya imkanlarının yaradılması və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasının, o cümlədən Ordubad rayonunun sosial-iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyaraq, bölgənin iqtisadi potensialının güclənməsinə və əhalinin sosial təminat səviyyəsinin yüksəlməsinə mühüm təsir göstərəcəkdir.

       Ordubad şəhərinin ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına  daxil edilməsi ilə bağlı məlumat verilərək bildirilib ki, bu addım rayonun zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanınmasına və qorunmasına yönəlmiş mühüm mərhələ hesab olunur, bu qərar eyni zamanda, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə elan edilmiş 2026-cı il — “Şəhərsalma və Memarlıq İli”nə mühüm bir töhfədir. Bu çərçivədə Ordubad rayonunda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər barədə də məlumat verilib.

     Görüş zamanı sakinlər tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, elektrik dirəyinin yerinin dəyişdirilməsi,  kənddaxili bəzi yollarda təmir işlərinin aparılması, internet xəttinin çəkilməsi, içməli su təminatının yaxşılaşdırılması, sosial xidmətlər və məşğulluq məsələləri ilə bağlı müraciətlərin bir qismi yerində həll edilib, araşdırılması tələb olunan məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və icrası nəzarətə götürülüb.

     Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.