Mayın 21-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli rayon ərazisində məskunlaşmış Qərbi Azərbaycan əsilli vətəndaşlarla görüş keçirib. Görüşdə Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova da iştirak edib.
Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Qərbi Azərbaycan ərazisindən məcburi köçkün düşmüş soydaşlarımızın mövcud yaşayış şəraiti, sosial təminatı və gündəlik problemləri ilə maraqlanıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi, onların tarixi yurdlarına qayıdışı ilə bağlı həyata keçirilən məqsədyönlü dövlət siyasəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı Azərbaycanın milli məsələsi olmaqla, ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu istiqamətdə qəbul edilmiş strateji sənədlər, həyata keçirilən kompleks tədbirlər və beynəlxalq hüquq normalarına əsaslanan yanaşmalar Qərbi azərbaycanlıların haqlarının beynəlxalq hüquq normaları çərçivəsində bərpasına xidmət edir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova vurğulayıb ki, Qərbi azərbaycanlılar tarix boyu öz doğma torpaqlarından dəfələrlə didərgin salınmalarına baxmayaraq, milli mənsubiyyətlərinə, mədəni irslərinə və ənənəvi dəyərlərinə sadiq qalmışlar. O bildirib ki, Qərbi Azərbaycan məsələsinə xüsusi həssaslıqla yanaşılması Qərbi Azərbaycanlı soydaşlarımızın mənəvi ruhunu yüksəldir, onların doğma yurda qayıdışla bağlı ümidlərini möhkəmləndirir. Eyni zamanda bildirilib ki, Qərbi azərbaycanlılar tarixi ədalətin bərpa olunacağına və bir gün öz ata-baba yurdlarına dinc və təhlükəsiz şəkildə qayıdacaqlarına əmindirlər.
Sonda görüş iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.