ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunda səyyar qəbulun növbəti ünvanı Qoşadizə kəndi olub

2025-ci il iyun ayının 17-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Qoşadizə və Kələntər Dizə kənd sakinləri ilə səyyar görüş keçirilib. Vətəndaşların müraciətlərini yerində öyrənmək, qaldırılan məsələlərin operativ və səmərəli həllinə nail olmaq məqsədilə təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, yerli icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Səyyar qəbul çərçivəsində çıxış edən icra başçısı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, regionların hərtərəfli inkişafını hədəfləyən bu islahatlar əhalinin rifahının yüksəldilməsinə, infrastrukturun müasirləşdirilməsinə və xidmət sahələrinin keyfiyyətcə yeni mərhələyə keçidinə şərait yaradır. Çıxışda həmçinin yeni dünya nizamının formalaşdığı bir dövrdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli dövlətçilik strategiyasının bu gün də aktual olduğu vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs Azərbaycanı müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq miqyasda söz və nüfuz sahibi olan bir dövlətə çevirmişdir. Azərbaycan həm iqtisadi cəhətdən dayanıqlı, həm də siyasi baxımdan müstəqil bir ölkə olaraq yeni dünya düzənində öz layiqli yerini tutur.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən bəhs edən icra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı bu möhtəşəm Qələbə dövlətimizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, yeni bir dövrün – Qarabağ və Şərqi Zəngəzurda böyük qayıdış və genişmiqyaslı quruculuq mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa-quruculuq işləri və infrastruktur layihələri Azərbaycanın gələcəyinə hesablanmış strateji hədəflərdir.

Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyətindən danışan icra başçısı, bu dəhlizin region ölkələri, o cümlədən Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb. Qeyd olunub ki, bu layihənin reallaşması yalnız Azərbaycanın daxili inkişafı baxımından deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır. Bu dəhliz Türk dünyasını birləşdirən geostrateji körpü kimi çıxış edərək, türkdilli dövlətlər arasında iqtisadi, nəqliyyat və mədəni inteqrasiyanı gücləndirəcək. Beləliklə, Zəngəzur dəhlizi təkcə nəqliyyat xətti deyil, həm də türk birliyinin real müstəviyə daşınmasında mühüm rol oynayan tarixi layihə kimi çıxış edəcəkdir.

Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Naxçıvan Muxtar Respublikasında yaradılmış Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun müasir və innovativ idarəçilik mexanizminin formalaşdırılması və həyata keçirilməsində xüsusi rol oynadığını vurğulayaraq bu institutun fəaliyyətinin vətəndaş məmnuniyyətinin təmin olunmasına əhəmiyyətli töhfə verdiyini qeyd edib. Görüşdə, həmçinin “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda icra olunacaq layihələr barədə ətraflı məlumat verilib. Yol infrastrukturunun yenilənməsi, məşğulluq imkanlarının artırılması və turizm sektorunun inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Bildirilib ki, bu proqram regionun sosial-iqtisadi inkişafına mühüm təkan verəcək və bir sıra sahələrin dinamik inkişafını təmin edəcəkdir. Qəbul zamanı, həmçinin rayon ərazisində mədən sənayesinin dirçəldilməsi, ipəkçilik və konserv istehsalı sahələrində fəaliyyətin bərpası istiqamətində həyata keçiriləcək tədbirlər də diqqətə çatdırılıb.

Daha sonra sakinlərin kəndin ümumi problemləri ilə bağlı müraciətləri dinlənilib. Səsləndirilən məsələlər – elektrik,  su, məşğulluq, kənd arxınının təmizlənməsi və digər sahələrlə bağlı edilən müraciətlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb və həlli üçün konkret tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.