ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubad rayonunun Nüsnüs kəndində sakinlərin müraciətləri dinlənilib

Vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən sentyabrın 25-də Nüsnüs kəndində səyyar qəbul keçirilib. Görüşdə kənd sakinləri ilə yanaşı, İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Görüşdə ilk olaraq Vətənimizin  ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qəbulda çıxış edən icra başçısı vurğulayıb ki, 27 sentyabr – Anım Günü xalqımızın yaddaşına qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu zəfər xalq–dövlət–ordu birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. 44 günlük müharibədən sonra Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib.

Həmçinin qeyd edilib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Zəngəzur dəhlizi isə təkcə region üçün deyil, bütün Türk dünyası və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəhliz Avropanı Asiyaya birləşdirən mühüm nəqliyyat xətti olmaqla yanaşı, muxtar respublikanın iqtisadi inkişafına da güclü təkan verəcək.

İcra başçısı çıxışında Ordubad rayonunda görülən işlərdən də bəhs edib. Sosial-iqtisadi inkişaf proqramı çərçivəsində Ordubad şəhər və kənddaxili avtomobil yollarının yenidən qurulması, məşğulluq imkanlarının artırılması, mədən sənayesi,  turizm üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır. Yeni otelin inşası isə Ordubadda turizmin inkişafına xidmət edəcək.  Rayonun tarixi-mədəni irsinin qorunması məqsədilə “Ərbabın iş yeri” binasında və “Sərşəhər məscidi”ndə əsaslı təmir işləri aparılır.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən rabitə sisteminin yaxşılaşdırılması, kənd qəbiristanlığına gedən yolun asfaltlanması, həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, divar hörgüsü və digər məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.