
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Dövlət Proqramının 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq Ordubad şəhərinin iki ərazisində - Heydər Əliyev Parkında və akademik Rəhim Rəhimov küçəsində sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.
Dekabrın 18-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov yeni istifadəyə verilmiş idman qurğularına yerində baxış keçiriblər. Qeyd olunub ki, yaradılan şərait dövlətin vətəndaş məmnunluğunun artırılmasına, gənc nəslin sağlam gələcəyinin təmin olunmasına, bədən tərbiyəsi və idmanın inkişafına verdiyi mühüm töhfənin bariz nümunəsidir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, ətrafında skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu alətlər fiziki hazırlığın artırılması, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün əlverişli imkanlar yaradır.








