
21 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Ordubad rayonunda “Vaxtın idarə edilməsi və effektiv planlama” mövzusunda növbəti təlim təşkil olunub.
Təlimdə Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının əməkdaşları – dövlət qulluqçuları iştirak ediblər. Tədbirin məqsədi dövlət qulluqçularının şəxsi və peşəkar fəaliyyətində vaxtdan səmərəli istifadə bacarıqlarının artırılması, eləcə də gündəlik iş prosesində planlaşdırma vərdişlərinin təkmilləşdirilməsinə dəstək vermək olub.
Təlimi Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyaları ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli aparıb. O, iştirakçılara vaxtın düzgün idarə olunması, prioritetlərin müəyyənləşdirilməsi, məhsuldarlığın artırılması yolları və effektiv planlama texnikaları barədə ətraflı məlumat verib. Qeyd olunub ki ki, vaxtın idarə edilməsi yalnız fərdi bacarıq kimi deyil, həm də ümumi idarəetmənin və təşkilati səmərəliliyin əsas komponentlərindən biri kimi qiymətləndirilir. Müasir idarəçilikdə vaxtın düzgün bölgüsü və prioritetlərin doğru müəyyənləşdirilməsi idarəetmə proseslərinin daha çevik və nəticəyönümlü qurulmasına imkan yaradır. Bu amillər xüsusilə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir.
Eyni zamanda, insan resurslarının idarə edilməsində vaxt amili mühüm yer tutur. Dövlət qulluqçularının gündəlik və uzunmüddətli vəzifələrinin planlaşdırılması, icra müddətlərinin dəqiq müəyyən olunması və vaxt itkilərinin azaldılması iş yükünün balanslaşdırılmasına və əmək məhsuldarlığının artırılmasına xidmət edir. Belə təlimlərin keçirilməsi isə dövlət qulluqçularının bu sahədə nəzəri və praktiki biliklərini genişləndirməklə onların fəaliyyətinin daha sistemli və səmərəli təşkilinə şərait yaradır
Təlim zamanı iştirakçılara mövzular çərçivəsində nəzəri biliklər təqdim edilib, interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.







