ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ordubadda səyyar qəbulun növbəti ünvanı Dırnıs kəndi olub

2025-ci il iyulun 18-də Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Dırnıs kənd sakinləri ilə səyyar qəbul keçirilib. Vətəndaşların müraciətlərini yerində dinləmək və qaldırılan məsələlərin operativ şəkildə həllini təmin etmək məqsədilə təşkil olunan görüşdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, yerli icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

Səyyar qəbul zamanı çıxış edən icra hakimiyyətinin başçısı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verib. Bildirilib ki, regionların hərtərəfli inkişafını hədəfləyən bu islahatlar əhalinin rifah halının yüksəldilməsinə yönəlib. Qeyd olunub ki, yeni dünya nizamının formalaşdığı bir dövrdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi kurs nəticəsində Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdən, regional və beynəlxalq miqyasda nüfuz sahibi olan güclü dövlətə çevrilib. Çıxışda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Qələbəyə də toxunulub. Vurğulanıb ki, bu zəfər təkcə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə deyil, həm də Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin və Böyük Qayıdış mərhələsinin başlanması ilə əlamətdardır.

İcra başçısı, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılmasının müasir və innovativ idarəetmə mexanizmlərinin formalaşdırılmasında, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. O, iyulun 15-də Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Ordubad rayon ictimaiyyəti ilə keçirdiyi görüşü xatırladaraq, bu kimi birbaşa ünsiyyət platformalarının ictimai rəy və təkliflərin nəzərə alınmasında, qərarların effektivliyinin artırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Görüşdə “2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçiriləcək layihələr barədə də ətraflı məlumat verilib. Yol infrastrukturunun yenilənməsi, məşğulluq imkanlarının artırılması və digər istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan nəzərdə tutulan tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Proqram çərçivəsində həmçinin mədən sənayesinin dirçəldilməsi, ipəkçilik və konserv istehsalı müəssisələrinin fəaliyyətinin bərpası istiqamətində də mühüm layihələrin reallaşdırılmasının planlaşdırıldığı qeyd olunub. Eyni zamanda rayon ərazisində ABAD (Ailə Biznesinə Asan Dəstək) layihəsi çərçivəsində müxtəlif sahələri əhatə edəcək kiçik və orta biznes subyektlərinin yaradılmasının nəzərdə tutulduğu bildirilib. İcra başçısı Ordubad rayonunun turizm potensialının artırılması istiqamətində də mühüm addımlar atıldığını qeyd edib. Bu baxımdan, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi faktının təkcə Azərbaycanın zəngin mədəni və təbii irsinin beynəlxalq səviyyədə tanıdılmasına deyil, eyni zamanda Ordubadın turizm imkanlarının genişlənməsinə də töhfə verəcəyi vurğulanıb. Səyyar qəbul zamanı Ordubad şəhərinin baş planı haqqında məlumatlar da diqqətə çatdırılıb. Bildirilib ki, yeni yaşayış məntəqələrinin yaradılması, ekoloji baxımdan əlverişli mühitin formalaşdırılması və ağıllı idarəetmə yanaşmalarının tətbiqi bu planın əsas istiqamətlərini təşkil edir.

Görüşdə kənd sakinlərinin məşğulluq, su təchizatı, zərərverici heyvanlara qarşı tədbirlərin görülməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, bəzi problemlərin həlli ilə bağlı dərhal tapşırıqlar verilib. Həlli vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.

Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.