
18 sentyabr 2025-ci il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Dəstə kəndində “Turizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə həmçinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun, Bank Respublika ASC-nin, Rabitəbank ASC-nin, Ziraat Bank Azərbaycan ASC-nin əməkdaşları iştirak edib. Tədbirdə sahibkarlara və təsərrüfatçılara göstərilən dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun turizm potensialı və biznes imkanları barədə məlumat verilib. Bölgədə fəaliyyət göstərən sahibkarların biznesə başlamaq və mövcud fəaliyyətlərini genişləndirmək üçün dövlət dəstəyi alətləri ilə bağlı informasiya, məsləhət və əlaqələndirmə istiqamətləri üzrə KOBİA-ya müraciət edə biləcəkləri diqqətə çatdırılıb. Sahibkarlarla əsasən biznesin maliyyələşdirilməsi, bu sahədə girov, dövlətin güzəştli kreditləri, rayonda biznes üçün imkanlar kimi mövzularda müzakirələr aparılıb. Görüş çərçivəsində sahibkarların təklif və təşəbbüsləri, biznesə başlamaq və inkişaf etdirmək üçün çətinlikləri dinlənilib, sualları cavablandırılıb.







