Ordubad Rayon İcra Hakimiyyəti və Ordubad Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Zəfər Günü Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəni, Şuşanın azad olunması ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini simvolizə edən əlamətdar gündür.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq və mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərinin əməkdaşları, həmçinin, rayon ictimaiyyəti iştirak edib.
Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artisi Nuriyyə Hüseynova, bəstəkar ifaçı Çilənay Hüseynova, eləcə də Naxçıvan Dövlət Filarmoniyasının və Ordubad Rayon Mədəniyyət Sarayının solistləri tərəfindən vətən oğullarının şücaətlərini, vətəni və dövlətçiliyi tərənnüm edən vətənpərvərlik ruhunda mahnılar, bədii qiraətlər və rəqs nümunələri təqdim olunub.
Tədbir iştirakçıların yüksək coşqusu və vətənpərvərlik ruhu ilə yadda qalıb.