
7 oktyabr 2025-ci il tarixdə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkür edərək bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bu dövlətləri bir ailə kimi birləşdirir.
Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.
İlham Əliyev vurğulayıb ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti ölkələr arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edərək bildirib ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Şəhidlərimizin qanını döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Qeyd olunub ki, Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Çıxışı zamanı Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması məsələsinə də toxunan İlham Əliyev vurğulayıb ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.
Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.
Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.
TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.
Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.
Ölkə Prezidenti 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən də danışıb və gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.
Bildirib ki, Zirvə Görüşündə qəbul ediləcək qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyi daha da güclənəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə veriləcəkdir.
İlham Əliyev çıxışının sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürünü bildirib. Qeyd edib ki, Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.





