Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi.
Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail oldular.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmışlar ki, bunun da 600-dən çoxu qızıl medal olub. Bu ötən illərin ən böyük rekord göstəricisidir.
Azərbaycanlı gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir:
- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir;
- gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir;
- uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir;
- xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir.
Gənclər arasında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər icra olunmuşdur. 2025-ci il ərzində təşkil olunmuş düşərgələr, maarifləndirici tədbirlər, elmi konfranslar və yarışlar çərçivəsində 10000-dən artıq gənc iştirak etmiş, onların Ümummilli Lider Heydər Əliyev irsinin təbliği, Qarabağ zəfərinin önəmi və əhəmiyyəti, milli-mənəvi dəyərlər, təhlükəsizlik və vətənpərvərlik anlayışları üzrə bilikləri sistemli şəkildə gücləndirilmişdir.
Dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbirlər il ərzində ölkənin müxtəlif bölgələrində təşkil edilmişdir. İl ərzində 30 aprel-4 noyabr tarixləri arasında keçirilən zona toplantıları və görüşlərdə ümumilikdə 1047 gənc iştirak edərək dini radikalizm, ekstremizm və təhlükəsizlik mövzularında məlumatlandırılmışdır.
Elmi və tədqiqat sahəsində gənclərin inkişafı məqsədilə 15 may tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Faşizm üzərində qələbədə imzamız” mövzusunda respublika elmi konfransı təşkil olunmuş, 50-yə yaxın gənc alim və tədqiqatçı iştirak edərək 35 tezis müzakirəyə təqdim edilmişdir.
2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq fəallığının, hüquqi biliklərinin, liderlik və intellektual bacarıqlarının artırılmasına yönəlmiş çoxsaylı düşərgə, maarifləndirici və intellektual tədbirlər həyata keçirilmişdir. Müxtəlif bölgələrdə təşkil olunan gənclər və könüllülər düşərgələrinə, o cümlədən şəhid və qazi övladları üçün keçirilən proqramlara 400-dən çox gənc cəlb olunmuşdur.
Maarifləndirici görüşlər və interaktiv tədbirlərdə 150-dən artıq tələbə iştirak etmiş, intellektual oyun və yarışmalar çərçivəsində isə 86 ali və orta ixtisas təhsili müəssisəsini təmsil edən 164 komanda olmaqla 820 tələbə, həmçinin 26 dövlət qurumundan 150 gənc əməkdaş mübarizə aparmışdır.
Bununla yanaşı, respublikanın bir sıra şəhərlərini əhatə edən debat forumları təşkil olunmuş, ümumilikdə layihələr minə yaxın gənci əhatə edərək Konstitusiya dəyərlərinin, dövlət suverenliyinin və fəal vətəndaş mövqeyinin təşviqinə xidmət etmişdir.
2025-ci il ərzində Zəfərin 5-ci ildönümünə həsr olunmuş düşərgələr, oyunlar və maarifləndirici tədbirlər ölkə üzrə geniş miqyasda təşkil edilmişdir. Müxtəlif formatlı düşərgələrdə (o cümlədən “Gənc Qazilərin Yay Düşərgəsi”, “Poliqon”, “Şanlı Zəfər”, “Zəfərin 5 ili”, “Zəfər salnaməsi”) 1 500-dən çox gənc iştirak etmişdir. Hərbi-idman və intellektual oyunlar çərçivəsində “Şahin” hərbi-idman oyununun rayon, zona və final mərhələlərinə 23 000-dən çox məktəbli, “Sərhəd” hərbi-idman oyunlarına 825 şagird, “GİNius 86.600” intellektual oyununa isə 40 ali və orta ixtisas təhsil müəssisəsinin komandaları cəlb olunmuşdur. Qarabağa və Bakı şəhərinə təşkil olunan ekskursiyalarda 500-ə yaxın gənc, Xankəndi şəhərində Zəfər günü münasibətilə keçirilən flaşmobda isə 1100 nəfər gənc iştirak etmişdir.
2025-ci ildə gənclərin sosial inkişafı, zərərli vərdişlərlə mübarizə, sağlam həyat tərzinin təbliği və inklüzivliyi istiqamətində müxtəlif düşərgələr, təlim proqramları və mübadilə layihələri keçirilmiş 8000-dən artıq gənc iştirak etmişdir.
Gənclər sahəsində təlimçilər üçün nəzərdə tutulmuş proqram 2025-ci ildə fəaliyyətə başlamış və ilkin mərhələdə 100-dən çox qeydiyyat həyata keçirilmişdir. 20 gənc təlimçi platformanın ilk üzvləri olaraq qeydiyyatdan keçmişdir. Proqramın əsas məqsədi gənclər üçün təlimçilərin vahid bazasının yaradılması, onların inkişafının təmin olunması, öyrənmə mühitinin gücləndirilməsi və peşəkar bacarıqlarının artırılmasıdır.
Sosial məsuliyyət və inklüzivlik mövzusunda keçirilmiş “Beynəlxalq Autizm Konfransı”, “İnklüziya və sosial məsuliyyət”, “Birlikdə Gələcəyə”, “Fərqlilikdə güc” və “İncamp” düşərgələrində əlilliyi olan və digər həssas qruplardan olan gənclərin iştirakı ilə ümumilikdə 1000-ə yaxın gənc əhatə olunmuş, onların sosial bacarıqları, özünəinam və cəmiyyətə inteqrasiyası gücləndirilmişdir. Hüquqi maarifləndirməyə yönəlmiş “Hüquqi biliklər həftəsi” layihəsi çərçivəsində 45 gənc iştirak edərək insan hüquqları, gender bərabərliyi və vətəndaş məsuliyyəti sahəsində biliklərini artırmışdır;
2025-ci ildə gənclərin texnologiya, robotexnika və yaradıcılıq sahələrində iştirakını təşviq etmək məqsədilə müxtəlif müsabiqə, düşərgə və olimpiadalarda 2 000-dən artıq gənc iştirak etmişdir. AIRO 2025, “VikiGənclik” düşərgəsi, “I am Jazzman” müsabiqəsi, Dünya Robot Çempionatının və Dünya Robot Olimpiadasının seçmə mərhələləri, eləcə də “Robocamp”, “Gənc alim və tədqiqatçılar”, “El-oba” və “Caz” düşərgələri ilə birlikdə ümumilikdə 2 055 gənc iştirak etmişdir.
2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən İƏT, D-8, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli formatlar çərçivəsində geniş beynəlxalq fəaliyyət həyata keçirilmişdir. İl ərzində 20-dən çox beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramı təşkil edilmiş və ya onlarda iştirak təmin olunmuşdur.
Bu fəaliyyətlər Avropa, Asiya və Afrika məkanını olmalq təxminən 25-dən çox ölkəni (Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Mərakeş, Fransa, Malta, Misir, Belarus və s.) əhatə etmişdir. Tədbirlərdə ümumilikdə 1 500-dən artıq yerli və xarici iştirakçı, o cümlədən 300-dən çox beynəlxalq nümayəndə (gənclər, ekspertlər, rəsmi şəxslər, təlimçilər) iştirak etmişdir.
İl ərzində gənclər siyasəti, könüllülük, qeyri-formal təhsil, liderlik, davamlı inkişaf, iqlim, innovasiya, mədəniyyət və beynəlxalq əməkdaşlıq istiqamətlərində onlarla panel, təlim, forum və yüksək səviyyəli görüşlər keçirilmiş, bir sıra protokollar və tövsiyə xarakterli sənədlər qəbul olunmuşdur.