“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”
Prezident İlham Əliyev
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.
Prezident İlham Əliyevin sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.
Prezident İlham Əliyev 2016-cı il 24 fevral tarixində “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.